Prezident İlham Əliyevin martın 16-da imzaladığı əfv sərəncamı ilə dörd yazar həbsdən çıxdı: şair Tofiq Həsənli, jurnalistlər Nicat Əliyev, Fikrət Fərəməzoğlu və bloqçu Rəşad Ramazanov.
12 oktyabr 2015-ci ildə tutulan Tofiq Həsənli 6 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Azadxeber.net saytının baş redaktoru Nicat Əliyev 21 may 2012-ci ildə tutulmuş, 10 il müddətinə azadlıqdan məhrum olunmuşdu.
Jam.az portalının baş redaktoru Fikrət Fərəməzoğlu 30 iyun 2016-cı ildə tutulmuş, 7 il müddətinə azadlıqdan məhrum edilmiş, sonradan cəzası 6 ilə endirilmişdi.
Bloqçu Rəşad Ramazanov 9 may 2013-cü ildə tutulmuş, 9 il müddətinə azadlıqdan məhrumetmə cəzası almışdı.
Novator.az bildirir ki, hazırda Siyasi Məhbusların Vahid Siyahısı üzrə İşçi Qrupun (Xədicə İsmayıl, İntiqam Əliyev, Anar Məmmədli, Xalid Ağalıyev, Rövşən Hacıbəyli və s.) siyahısında 5 nəfər qələm adamının adı qalır: Araz Quliyev, Seymur Həzi, Elçin İsmayıllı, Əfqan Muxtarlı, Ziya Əsədli.
Xeber44.com internet qəzetin baş redaktoru Araz Quliyev 9 sentyabr 2012-ci ildə tutulub. Qanunsuz silah saxlama, hakimiyyət nümayəndəsinə müqavimət, ictimai qaydanın pozulması, milli, irqi, sosial, dini ayrı-seçkiliyə səbəb olan hərəkətlərdə, dövlət bayrağı və ya dövlət gerbi barədə təhqiredici davranışda təqsirli bilinib. 8 il müddətinə azadlıqdan məhrum edilib.
“Azadlıq” qəzetinin şərhçisi Seymur Həzi 29 avqust 2014-cü ildə tutulub. Silah qismində istifadə edilən əşyaların tətbiqi ilə xuliqanlıqda təqsirli bilinib. 5 il müddətinə azadlıqdan məhrum edilib.
Müstəqil jurnalist Əfqan Muxtarlı 29 may 2017-ci ildə tutulub. Dövlət sərhədini qanunsuz keçməkdə, hakimiyyət nümayəndəsinə zor tətbiq etməkdə və qaçaqmalçılıqda təqsirli bilinib. 6 il müddətinə azadlıqdan məhrum edilib.
“Azadlıq” qəzetinin bölgə müxbiri Elçin İsmayıllı 2017-ci il fevralın 17-də tutulub. Hədə-qorxu ilə tələb etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və rüşvət almada təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edib. Sonradan üstündə ancaq hədə-qorxu ilə tələb etmə ittihamı saxlanıb və cəza müddəti 7 ilə endirilib.
“Azadlıq” qəzetinin bölgə müxbiri Ziya Əsədli 2017-ci il sentyabrın 5-də tutulub. Silah və ya silah kimi istifadə edilən predmetdən istifadə ilə xuliqanlıqda təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilib.
16 mart 2019-cu il əfvi ilə 399 nəfər həbsdən buraxılıb, ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 3 nəfərin cəzası müddətli həbslə əvəzlənib, azadlıqdan məhrumetmə cəzasına məhkum olunan və cəzasının çəkilməsi təxirə salınmış 1 nəfər, azadlıqdan məhrumetmə cəzasına şərti məhkum edilmiş 11 nəfər cəzadan azad olunub. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 1 nəfər cəzasının çəkilməmiş hissəsindən, 3 nəfər islah işləri, 1 nəfər ictimai işlər, 12 nəfər cərimə cəzasından qurtulub.
Əfv olunanlar arasında adı siyasi məhbus siyahılarında keçən şəxslər də var. Sabiq səhiyyə naziri Əli İnsanov, AXCP sədrinin müavinləri Fuad Qəhrəmanlı, Gözəl Bayramlı, Müsavat Partiyasının üzvü Əlikram Xurşidov, gənc fəallar İlkin Rüstəmzadə, Qiyas İbrahimov, Bayram Məmmədov, keçmiş prokurorluq işçisi Rüfət Səfərov, AXCP sədri Əli Kərimlinin qayını Elnur Seyidov, jurnalist Natiq Ədilovun qardaşı Murad Ədilov və başqaları həbsdən çıxıblar.
Siyasi Məhbusların Vahid Siyahısı üzrə İşçi Qrupun siyasi məhbus saydığı şəxslərdən 50 nəfərə yaxınının əfvə düşdüyü bildirilir.