Rövşən Ağayev
İqtisadi islahatda əsas təməllərdən biri statistikadır. İslahatın son məqsədi cəmiyyəti inkişafdan saxlayan gerçək problemləri həll etməkdir. Gerçək problemləri öyrənmək üçün ilk mənbə isə rəsmi statistika olmalıdır. Bir ölkənin statistikası ən yoxsul 10% və ən zəngin 10% əhali qrupunun əsas qida məhsulları (ət, meyvə və s.) istehlakı arasında fərqi ən yaxşı halda 10% göstərirsə, nəticəni özünüz çıxarın.
Onlarla ziddiyyətli məlumat saymaq olar. Məsələn, milli hesablar sistemi göstərir ki, 2015-2016-cı illərdə iqtisadi böhranın dərinləşməsi, yüksək inflyasiya nəticəsində ev təsərrüfatlarının büdcəsində defisit yaranıb və onlar bu kəsiri əvvəlki illərin yığımları (əmanətləri, yastıqaltı pullar, əmlak satışı, yaxınlarına verilən borcların geri qaytarılması və s.) qapaya biliblər.
Amma başqa bir statistik bölmədə – ev təsərrüfatlarının gəlir və xərclərinə aid hissədə qeyd edilir ki, əhalinin 2015 və 2016-cı illərdə gəlirləri istehlak xərclərini (həmçinin icbari öhdəliklərini) üstələdiyi üçün hər il orta hesabla 5-6 milyard manat qənaət formalaşıb.
Eyni mənbəyə aid olan bu statistikanın hansına inanmağı məsləhət görürlər?
Toplanmayan, ictimailəşdirilməyən çox məlumat var. Məsələn, iqtisadiyyatda hər bir institusional vahid (maliyyə və qeyri-maliyyə, habelə özəl biznes, dövlət sektoru və ev təsərrüfatı) üzrə qənaətlər, maliyyə və qeyri-maliyyə aktivləri üzrə yığımlar nə qədərdir? Beynəlxalq metodologiyaya əsasən, milli hesablar sistemi milli sərvət statistikası ilə yekunlaşmalıdır. Azərbaycanda milli sərvət, onun strukturu, özəl və dövlət sektoru, ev təsərrüfatları üzrə bölgüsü yoxdur. İnvestisiyaların maliyyə və qeyri-maliyyə alətləri üzrə dəqiq bölgüsünün açıqlanmaması da ciddi problemdir.
Yeri gəlmişkən, 2019-cu ildə vergi və sosial sığorta qanunvericiliyinə ciddi dəyişiklik edildi. Rəsmi arqument də bu oldu ki, ölkədə böyük həcmdə qeyri-leqal biznes dövriyyəsi, gizli əmək dövriyyəsi var, onları leqallaşdırmağa ehtiyac duyulur. Amma rəsmi statistika bunların hətta izini belə göstərə bilmir. Məsələn, rəsmi məlumata görə, bu gün Azərbaycanda ən yoxsul 20% və ən zəngin 20% əhali qrupunun gəlirləri arasında fərq təxminən iki dəfədir. Vergi orqanlarının “ölkədə böyük miqyasda gizli biznes dövriyyəsi var” deməsi fonunda bu rəqəm kimə inandırıcı gələr? Təkcə bank sektorunun timsalında yerli özəl sektoru təmsil edən maksimum 100-150 nəfərin əlində 2,5 milyard manat leqal şəxsi kapital var. Yüksək dəyərə və gəlirliliyə malik özəl tibb, turizm-otel, idman-sağlamlıq, pullu təhsil, restoran-ticarət şəbəkələrinin əhalinin maksimum ən varlı 10%-nə mənsub olduğu ölkədə varlı və yoxsulların gəlirləri arasında fərq Dövlət Statistika Komitəsinin dediyi qədər ola bilərmi?
Statistika kökündən islah edilməlidir. Yeri gəlmişkən, son aylarda Rusiyada Mərkəzi Bank və Maliyyə Nazirliyi milli statistikanın etibarlılığının aşağı olmasından narahatlıqlarını aşkar dilə gətirdilər. Bizim Mərkəzi Bankın, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, İqtisadiyyat Nazirliyinin Dövlət Statistika Komitəsinin rəqəmlərindən razı qaldığına böyük şübhəm var…