Rövşən Ağayev
Parlamentin əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyir ki, dünyada ailənin maddi vəziyyətinə fərq qoymadan bütün uşaqlara müavinət verilməsi təcrübəsi yoxdur. Hadı müəllimin informasiyası tam deyil, dünyada onlarca belə təcrübə var, özü də yoxsul qitələrdə deyil, zəngin Avropada. Estoniyada dövlət 17 yaşadək bütün uşaqlara müavinət verir. Yəni ölkədə selektiv deyil, universal uşaq sosial müdafiə sistemi mövcuddur. Ailədə iki uşaq olduqda hər uşaq üçün ayda 60 avro, ikidən çox uşaq olduqda əlavə uşaqların hər biri üçün 100 avro verilir. Yəni dörd uşaqlı ailələr dövlətdən ayda 320 avro müavinət alır. Həmçinin yeni doğulan uşağa görə birdəfəlik 320 avro, uşaqlar əkiz olduqda 1000 avro müavinət var.
Beynəlxalq Əmək Təşkilatının son hesabatına görə, hazırda dünyada hər üç uşaqdan biri dövlətin sosial müdafiə tədbirləri ilə (səhiyyə istisna olmaqla) əhatə edilib. Avropa üzrə həmin göstərici 87,5%-dir.
Azərbaycanda doğulan uşaqlara verilən birdəfəlik müavinətləri nəzərə almasaq, 17 yaşadək uşaqların ən yaxşı halda 20%-i dövlətin birbaşa sosial müdafiə alətlərindən bəhrələnə bilir (sistem nə dərəcədə effektivdir, yoxsul ailələrə verilən uşaq müavinətləri nə qədər onların tələbatına uyğundur, bu, ayrı mövzudur). Amma bir reallığı deyim: bu təkcə uşaqlarla bağlı problem deyil. Bütövlükdə hökumətin sosial siyasətinin boşluqlarıdır. Beynəlxalq Əmək Təşkilatının məlumatına görə, hazırda Azərbaycanda övlad dünyaya gətirən qadınların cəmi 14%-nin uşaq doğulmazdan əvvəl və sonra 100-120 günlük məzuniyyət dövrü üçün müavinət almaq imkanı var. İnkişaf etmiş ölkələrdə həmin göstərici 95-100% ətrafındadır.
Yaxud 2017-ci ilə qədər Azərbaycanda işsiz vətəndaşların ən yaxşı halda 2%-nin işsizliyə görə müavinət almaq imkanı olub. Qabaqcıl ölkələrdə bu göstərici 75%-dən 90-95%-ə qədər dəyişib.
Ümumilikdə bizim icmal büdcədə sosial müdafiə xərclərinin ümumi daxili məhsulda payı 6-7% aralığında dəyişdiyi halda inkişaf etmiş ölkələrdə 18-20%-ə çatır.
Uşaqlara qayıdıram: Azərbaycanda icmal büdcədə bilavasitə uşaqların sosial müdafiəsi xərclərinin ümumi daxili məhsulda payı maksimum 0,3-0,4% təşkil etdiyi halda Finlandiya, Fransa və Almaniyada 2,5-3%-ə bərabərdir.
Nəhayət, Azərbaycanda universal sosial müdafiə sisteminin tətbiqi ilə bağlı müzakirə olunan təklifə münasibətim. Bu sistemin tərəfdarı olsam da, onu real saymıram. İlk növbədə hökumət özünün sosial müdafiə siyasəti ilə buna hazır deyil. Yeni büdcə qaydası ilə xərclərə məhdudiyyətlər gətirən hökumətin yaxın illərdə büdcənin həcmini və strukturunu dəyişməyə hazır olmadığını da bura əlavə etsək, universal sistemin tətbiqi ehtimalı bir az da azalır.
Ən real olan nədir? Ehtiyacı olan uşaqları doğru-dürüst aşkarlamaq. Avropada yoxsulluğun 15-20%-ə çatdığı bir zamanda “bizdə yoxsulluq 5%-dir” deyib gerçək yoxsulları dövlət sosial müdafiə sistemindən kənarda saxlamaq sosial ədalətsizlikdir. Hökumət bütün dünyada olduğu kimi müntəzəm olaraq uşaq yoxsulluğunu ayrıca ölçməli, ən çox ehtiyacı olanları (hətta 17 yaşadək uşaqların 50%-i olsa belə) müavinətlərlə təmin etməlidir. Mövcud reallıqları nəzərə alaraq ayda 3-5 min manatdan 50-100 min manatadək qazancı olan ailələrin də uşaqlarına ucdantutma 50-100 manat müavinət verməkdənsə gerçək ehtiyacı olanlara 150-200 manat aylıq müavinət verilməsini daha effektiv addım sayardım.
Real uşaq yoxsulluğunu müəyyən etməkdən asan heç nə yoxdur. Yetər ki, statistika, araşdırma mərkəzləri siyasət aləti olmaqdan qurtarıb öz gerçək və tərəfsiz funksiyalarını yerinə yetirsinlər.