Avropa İttifaqının qanunverici orqanının – Avropa Parlamentinin Nəqliyyat və Turizm Komitəsi martın 4-də yay-qış vaxtına keçidlə bağlı yeni qərar verib. Novator.az bildirir ki, qərara əsasən, Avropa İttifaqı ölkələri 2020-ci ilin aprelinə kimi yay və ya qış vaxtında qalmaqda yekun rəyə gəlməli, 2021-ci ilin martından isə saatın irəli-geri çəkilməsi bitməlidir.
Avropa İttifaqının icra orqanı olan Avropa Komissiyası ötən il yay-qış vaxtına keçid sorğusu aparıb. 4,6 milyon insanın qatıldığı sorğunun nəticələrinə görə, avropalıların 80%-i yay vaxtının saxlanmasını dəstəkləyib.
Avropa Komissiyasının hazırladığı plana görə, 2019-cu ilin oktyabrından Avropa İttifaqında saatların mövsüm üzrə dəyişməsi ləğv edilməli idi. Ancaq bu planı bəzi üzv ölkələr dəstəkləməyib, yay-qış vaxtına keçiddən imtina təxirə düşüb.
Avropa İttifaqının 28 üzvü var: Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İrlandiya, İspaniya, İsveç, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Yunanıstan. Böyük Britaniya qurumdan çıxmaq üzrədir.
Bu məkanda hər il martın son bazar günündən əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir, oktyabrın son bazar günündən isə əqrəblərin bir saat geri çəkilməsi ilə qış vaxtı tətbiq olunur.