Gunaz.tv Məhəmmədcavad Zərifin İranın xarici işlər naziri postundan istefası ilə bağlı yeni açıqlamalar yayıb.
Məhəmmədcavad Zərif fevralın 25-i özünün “İnstaqram” səhifəsində istefa verdiyini bəyan edib. Yerli Entekhab.ir saytına açıqlamasında Məhəmmədcavad Zərif dini lider Əli Xamneyinin fevralın 25-i Tehranda Suriya prezidenti Bəşər Əsədlə görüşünü xatırladaraq deyib ki, bundan sonra onun dünyada xarici işlər naziri kimi hörmət və imici qalmayıb.
Fevralın 25-də Suriya prezidenti Bəşər Əsəd İrana səfər edib. Məhəmmədcavad Zərif onun İranın dini lideri Əli Xamneyi ilə görüşünə dəvət edilməyib.
Gunaz.tv-nın məlumatına görə, İran parlamentinin deputatı Qulaməli Cəfərzadə jurnalistlərə deyib ki, Məhəmmədcavad Zərifin Bəşər Əsədin İrana səfərindən xəbərsiz qalması onun istefasının mühüm səbəblərindən biridir: “Lakin səbəb təkcə bu deyil. Digər səbəblər də var. İran Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Şəmxaninin Əfqanıstana səfəri, dini liderin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayətinin Melburna səfəri və Zəriflə koordinasiya edilməyən onlarla bu kimi səfər onun istefasının əsas səbəblərindən sayılır. Bu, Zərifin ilk istefası deyil. O, bu kimi hallara etiraz olaraq bundan əvvəl 5 dəfə istefa verib. Lakin istefa ərizələri qəbul edilməyib”.
İran parlamentinin sədr müavini Əli Mütəhhəri də jurnalistlərə açıqlamasında Zərifin istefasının əsas səbəbinə toxunub. O bildirib ki, istefa hakimiyyətdaxili digər qurumların İran Xarici İşlər Nazirliyindən yan keçərək ölkənin xarici siyasətinə müdaxiləsindən doğur.
Məhəmmədcavad Zərif 2013-cü ilin avqustundan xarici işlər naziri idi.