Bakı Şəhər İcra Hakimiyyəti Demokratik Qüvvələrin Milli Şurasının mitinqinə şərait yaratmaqdan imtina edib.
Müxalif qurum aksiyanı martın 2-si saat 15-dən 17-dək Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda (metronun “İnşaatçılar” stansiyasının yaxınlığında) siyasi və sosial islahatlar tələbi ilə keçirmək istəyirdi.
Milli Şura bu il yanvarın 19-da həmin stadionda mitinq keçirib. Aksiyada siyasi məhbuslara azadlıq tələb olunub, sosial tələblər irəli sürülüb.
Yanvarın 26-sı və fevralın 23-ü eyni yerə təyin olunmuş mitinqlərə razılıq verilməyib.
Bakı Şəhər İcra Hakimiyyəti 26 yanvar, 23 fevral və 2 mart mitinqləri üçün müraciətlərə rədd cavablarını oxşar tərzdə – Milli Şuranın 19 yanvar mitinqindən sonra ictimai asayişin pozulması ilə əsaslandırıb.
2013-cü ildə yaradılmış Milli Şuraya tarixçi alim Cəmil Həsənli sədrlik edir. Qurumun öncül şəxsləri arasında AXCP sədri Əli Kərimli ilə yanaşı onun müavini Vahid Məhərrəmli, Müsavat Partiyasından Tofiq Yaqublu, Vətəndaş Həmrəyliyi Partiyasından Rafiq Manaflı, Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatından Rövşən Əhmədli, sabiq deputatlar İbrahim İbrahimli, Gültəkin Hacıbəyli və başqaları var.