İqtisadçı Nemət Əliyev yerli malların ticarətindəki problemlərə diqqət çəkib. Azadliq.info-nun məlumatına görə, o yazır ki, yerli malların ticarəti son 4 ildə 8,7 milyard dollar və ya 46% azalıb: “Bu azalmanın 1,4 milyardı və ya 16%-i yalnız 2018-ci ilin hesabınadır. Təcili tədbirlər görülməlidir. Yerli mallar daxili bazarlardan sıxışdırılıb çıxarılır. Belə bir şəraitdə istehsalda inkişafdan deyil, tənəzzüldən danışılmalıdır.
Daxili bazarlarda yerli malların ticarət dövriyyəsi əvvəlki ilə nəzərən 2018-ci ildə 1,4 milyard dollar və ya 12%-ə yaxın azalaraq 11,7 milyarddan 10,3 milyarda düşüb. Dövlət Gömrük Komitəsi və Dövlət Statistika Komitəsinin açıqladığı məlumatların təhlili göstərir ki, 2017-ci ildə yerli malların daxili ticarətində müəyyən müsbət nəticələr əldə olunsa da, 2018-ci ildə həmin nəticələrin demək olar hamısı itirilib.
Əvvəlki illərə baxdıqda bu sahədə vəziyyətin fəlakətli həddə olması üzə çıxır. 2014-cü ildə yerli malların ticarət dövriyyəsi 19 milyard dollar olmuşdusa, bu göstərici 2015-ci ildə 15,7 milyard dollara, 2018-ci ildə isə 10,4 milyard dollara düşüb. 2015-ci ildə 3,3 milyard (17%) azalan dövriyyə sonrakı illərdə daha 5,4 milyard (34%) azalıb. Bu hesabla ötən 4 ildə yerli malların daxili ticarətindən itkilərimiz 8,7 milyard dollar və ya 46% olub.
Azalma həm əhali və dövlət büdcəsinin, yerli istehsalla məşğul olan fiziki və hüquqi şəxslərin yüz milyonlardan məhrum olması, həm də minlərlə iş yerinin itirilməsi anlamına gəlir. Dinamika üzrə aparılan hesablamalar göstərir ki, yerli malların daxili bazarlarda ticarət payı son 4 ildə 67%-dən 47%-ə düşüb. Bu tendensiya əcnəbi malların bazar payının 33%-dən 53%-ə qədər artması ilə müşayiət olunub.
Belə bir şəraitdə istehsalın inkişafından danışmaq əsla mümkün deyil. Yerli malların daxili ticarətində əmələ gələn bu itkilər istehsala ciddi zərbə kimi dəyərləndirilməlidir. Çünki mübadilə mərhələsində ilişib qalan istehsalçı inkişaf edə, perspektivli sayıla bilməz. İstehsal elədiyi malları realizə edə bilməyən istehsalçının istənilən iqtisadi təşəbbüsləri öləziyər, ümidləri sarsılar. Belə bir vəziyyətə düşmüş istehsalçıdan istehsalın genişləndirilməsi, yeni iş yerlərinin açılması yönündə olan bütün gözləntilər bumeranq effekti verərək geri qayıdar.
Odur ki, istehsalçıların daxili ticarətdə belini qıran bu mənfi tendensiyanın durdurulması və onun doğurduğu ağır nəticələri aradan qaldırılması gündəmin əsas mövzusu kimi diqqətdə saxlanmalıdır. Satış mərhələsində ticarət prosesinin iştirakçılarına yönəlmiş təcili təşviqedici tədbirlər həyata keçirilməli, bütün kateqoriya maneələr aradan götürülməlidir. İlk növbədə vergi-sahibkar münasibətlərinin hazırkı sistemi köklü şəkildə dəyişməli, monopoliya və haqsız rəqabət aradan götürülməli, ümumi iqtisadi şəraitin yaxşılaşdırılması yönündə təsirli tədbirlər həyata keçirilməlidir”.