Xarici işlər naziri Elmar Məmmədyarov fevralın 26-sı Cenevrədə keçirilən BMT İnsan Hüquqları Şurasının 40-cı sessiyasında çıxış edib. Mfa.gov.az-ın məlumatına görə, o, Dağlıq Qarabağ münaqişəsinə də toxunub: “Ermənistanla Azərbaycan arasında silahlı münaqişə beynəlxalq və regional sülhə, təhlükəsizliyə, insan hüquqlarına və inkişafa hələ də əsas təhdid olaraq qalır. Azərbaycan bu münaqişənin qəddar səhifələrindən birinin – 106-sı qadın, 63-çü uşaq və 70-i yaşlılar olmaqla 613 nəfərin qətlə yetirildiyi Xocalı soyqırımının 27-ci ilini qeyd edir. Ermənistanın silahlı təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal altındadır. Etnik təmizləməyə məruz qalmış bir milyondan çox azərbaycanlı öz doğma yurdundan zorla didərgin salınaraq məcburi köçkün vəziyyətində qalır. Ermənistan silahlı qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını qəti şəkildə tələb edən BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə və bir çox digər beynəlxalq təşkilatların müvafiq sənədlərinə məhəl qoymayaraq Azərbaycan ərazilərinin işğalını davam etdirir.
Məhz bu kontekstdə mən BMT İnsan Hüquqları Şurasını, onun mandat sahiblərini və BMT-nin insan hüquqları üzrə ali komissarını 20 ildən çoxdur hüquqları pozulan azərbaycanlı məcburi köçkün və qaçqınların insan hüquqlarının bərpası və ədalətin aliliyinin təmin edilməsi üçün səmərəli tədbirlər və prinsipial mövqe nümayiş etdirməyə çağırıram”.
1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ vilayətini ələ keçirmək üçün hərbi təcavüzə başlayıb. 1991-ci ildə ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib, işğalçı müharibə alovlanıb. 1994-cü ildə atəşkəslə dayanan müharibədə Ermənistan Dağlıq Qarabağ bölgəsini (Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd, Ağdərə rayonları) və onun ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları), eləcə də Qazax rayonunun 7, Naxçıvan Muxtar Respublikasının 1 kəndini işğal edib. 25 ildir aparılan sülh danışıqları heç bir nəticə vermir.