Prezident İlham Əliyev Fərid Rauf oğlu Şəfiyevi Azərbaycanın Çexiyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırıb. Fevralın 19-da imzalanan digər sərəncamla Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib.
Fevralın 6-da yaradılan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi dünyada və regionda baş verən prosesləri təhlil edən, Dağlıq Qarabağ münaqişəsinin müxtəlif aspektləri, beynəlxalq münasibətlər və təhlükəsizlik məsələləri ilə bağlı fundamental araşdırmalar aparan, bu məsələlərə dair Azərbaycanın mövqeyinin beynəlxalq ictimai, siyasi və akademik dairələrə çatdırılmasında iştirak edən, Azərbaycanın dövlət orqanlarını elmi-təhlili materiallarla təmin edən publik hüquqi şəxsdir. Mərkəzə ümumi rəhbərliyi və nəzarəti üç üzvdən ibarət İdarə Heyəti həyata keçirir.
Novator.az bildirir ki, qanuna əsasən, publik hüquqi şəxs ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır. Publik hüquqi şəxsin nizamnamə fondu təsisçinin verdiyi əmlak hesabına formalaşdırılır. Onun əmlakı təsisçilərin verdiyi digər əmlakdan, habelə dövlət və ya yerli büdcələrdən ayrılan vəsaitlərdən, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalardan, ianələrdən, qrantlardan və nizamnamədə müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsaitlərdən formalaşa bilər.