Narkotik vasitələrlə bağlı cinayətlərin statistikası açıqlanıb. Dövlət Statistika Komitəsi Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, 2018-ci ildə qeydə alınmış 26381 cinayət hadisəsinin 3239-u və ya 12,3 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədardır. Hesabata görə, cinayətlərin 57,1 faizi satış məqsədi olmadan narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, 33,3 faizi eyni hərəkətləri satış məqsədilə etmə, habelə bu maddələri istehsal etmə, göndərmə, yaxud qanunsuz satma, 7,2 faizi tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə, 2,2 faizi güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi ilə bağlı, 0,2 faizi digər cinayətlərdir.
İl ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 2492 nəfər cinayət törətmiş şəxs müəyyən edilib, onların 99 faizi cinayət məsuliyyətinə cəlb olunub.
Cinayət törətmiş şəxslərin 86,2 faizi heç yerdə işləməyən və oxumayanlar, 37,2 faizi əvvəllər də cinayət məsuliyyətinə cəlb olunmuş şəxslərdir. Onların 0,2 faizi yetkinlik yaşına çatmayanlar, 6,9 faizi 18-24 yaşlı, 13 faizi 25-29 yaşlı gənclər, 79,9 faizi isə 30 və yuxarı yaşlı şəxslər olub.