Rövşən Ağayev
Minimum əməkhaqqının artımı (martın 1-dən 130 manatdan 180 manata qalxır) müzakirələrində “cərimələri, vergiləri artıracaq” kimi məqamlara çox diqqət yetirməyə lüzum yoxdur. Çünki sosial sığorta ödənişləri istisna olmaqla ödənişlərin, o cümlədən cərimə və sanksiyaların əməkhaqqının minimum həddi ilə əlaqəsi çox məhdudlaşdırılıb. Ancaq yaxın zamanlarda minimum əməkhaqqının bütün cərimə və ödənişlərlə əlaqəsinin kəsilməsinə ehtiyac var.
İndi müzakirə bir məqama yönəlməlidir: Azərbaycanda minimum yaşayış standartları ölkənin iqtisadi inkişaf səviyyəsinə nə dərəcədə uyğundur? Minimum əməkhaqqı minimum yaşayışın real hesablanmış standartlarına nə dərəcədə cavab verir?
Azərbaycanda minimum yaşayış standartları az qala 15 il öncə təsdiqlənib. Halbuki o zamandan indiyə çox ciddi bir dəyişiklik baş verib: 2005-ci ildə Azərbaycan Dünya Bankının təsnifatında adambaşına milli gəliri 3000 dollardan az olan aşağı orta gəlirli ölkələr qrupunda idi. Bu gün isə adambaşına milli gəliri 5000 dollar ətrafında olan yuxarı orta gəlirli ölkələr qrupundayıq.
2005-ci ildə ölkədə dəyəri milyonla ölçülən villaya, qiyməti 70-80 min dolları ötən avtomobillərə sahib adamları barmaqla saymaq olardı, bu gün isə onların sayı-hesabı yoxdur. Yəni bu ölkənin zəngin 10 faizinin həyat standartları 10 dəfələrlə yüksəlibsə, yoxsul 10 faizinin yaşayış standartları nə qədər dəyişib?
Bu sualın elə rəsmi cavabı çox şey deyir: 2005-2007-ci illərdə rəsmi yaşayış minimumu 65-70 dollar olub, 2019-cu ildə isə 105 dollardır. Ötən 12-13 ildə ABŞ dollarının alıcılıq qabiliyyətində (real mübadilə dəyərində) baş verən azalmanı da nəzərə alsaq, belə çıxır ki, Azərbaycanda minimum yaşayış dəyərində ciddi artım baş verməyib. Halbuki məhz dolların dəyərsizləşməsini nəzərə alaraq Dünya Bankı ötən dövrdə qlobal yoxsulluğun ölçülməsi üçün istifadə etdiyi “beynəlxalq dolların” alıcılıq qabiliyyətinə korreksiya edib. 2008-2014-cü illərdə Dünya Bankı yoxsulluğu ölçmək üçün adambaşına gündəlik qazancı minimum 1,25 dollar götürmüşdü, amma həmin məbləğ ABŞ dollarının 2005-ci ildə olan alıcılıq qabiliyyəti ilə hesablanırdı. 2015-ci ildə isə Dünya Bankı standartları dəyişərək adambaşına gündəlik qazancı 1,90 dollara qaldırdı və həmin məbləğ ABŞ dollarının 2011-ci ildə olan alıcılıq qabiliyyəti ilə hesablanmağa başladı. Çünki həm dollar qlobal miqyasda dəyər itirib, həm də minimum yaşayış standartları yüksəlməlidir.
Azərbaycanda 2005-2007-ci illərdə 65-70 dolların alıcılıq qabiliyyəti ilə hazırkı 105 dolların alıcılıq qabiliyyətini də hesablamaq çox maraqlı olardı. Məsələn, 2005-ci ildə Azərbaycanda ətin qiyməti orta hesabla 4 manata yaxın idi – təxminən 5 dollar. İndi isə 12 manata yaxındır – haradasa 7 dollar. Bu cür hesablamalar aparılsa, məlum olacaq ki, ölkə nəhəng gəlirlər əldə etsə də, iqtisadi imkanlar böyüsə də, aztəminatlı insanlar üçün hazırlanan rəsmi minimum yaşayış standartları demək olar dəyişməyib.
Başqa bir müzakirə ediləsi məsələ: minimum istehlak səbətinin strukturu dəyişməlidir. indi Azərbaycanda 3 istehlak səbətində minimum istehlak üçün nəzərdə tutulan ərzaq, qeyri-ərzaq məhsulları və xidmətlərin sayı 150 çeşid ətrafındadır. Halbuki inkişaf etmiş ölkələrdə həmin göstərici 300-350-dir.
Yeri gəlmişkən, bu məsələdə çox ciddi qeyri-şəffaflıq var. Nazirlər Kabinetinin istehlak səbətinin strukturu ilə bağlı qərarında mal qruplarının əmtəə strukturu açıqlanmır. Məsələn, meyvə və giləmeyvə üzrə illik istehlak bir nəfər üçün 38 kiloqram müəyyən edilib. Amma konkret meyvə və giləmeyvə növlərinin adı və norması ictimaiyyətdən gizli saxlanır.
Başqa bir problem qida normalarının səviyyəsi ilə bağlıdır. Məsələn, bir nəfər üçün minimum norma ət və ət məhsulları üzrə Rusiyada 58,6 kiloqram, Azərbaycanda 32,9 kiloqram, meyvə və giləmeyvə üzrə Rusiyada 60 kiloqram, Azərbaycanda 38 kiloqram, balıq və balıq məhsulları üzrə Rusiyada 18,5 kiloqram, Azərbaycanda 7,7 kiloqram təsdiqlənib. Bu normalara yenidən baxılması çox vacibdir.
Başqa bir vacib məqam: yaşayış minimumu haqda qanuna görə, ölkə üzrə yaşayış minimumunun 4 göstəricisi təsdiqlənir: ölkə üzrə orta göstərici (hazırda 180 manat), əmək qabiliyyətli əhali üçün (191 manat), pensiyaçılar üçün (149 manat), uşaqlar üçün (160 manat). Halbuki Nazirlər Kabinetinin qərarında orta normalar yoxdur, yalnız 3 demoqrafik qrup üzrə səbətlər müəyyən edilib. Əgər orta normalar yoxdursa, o zaman yaşayış minimumunun orta dəyəri necə hesablanır?
Nəhayət, yaşayış minimumunun dəyəri ilə yanaşı ərzaq səbəti ayrıca olaraq təsdiqlənməli, ölkədə ərzaq yoxsulluğu ilə bağlı göstərici ayrıca olaraq bəyan edilməlidir. Fərd və ailə üçün yaşayış minimumunun da ayrıca təsdiqlənməsi çox vacibdir.
Yeri gəlmişkən, yoxsulluğun hesablanması metodikasına bütövlükdə yeni yanaşma olmalıdır. Bu təkcə yaşayışın dəyərini dəyişməklə baş verməməlidir. Eyni zamanda qeyri-monetar faktorlar da yoxsulluğu müəyyən etmək üçün istifadə edilməlidir. Məsələn, mənzili olmayan, yaxud adambaşına yaşayış sahəsi 12 kvadratmetrdən aşağı olan ev təsərrüfatları statistikaya yoxsulluq riski yüksək olan ailələr kimi salınmalıdır.