Novator.az Azərbaycan qanunvericiliyinin kütləvi aksiyalar məsələsini necə tənzimləməsinə nəzər salıb.
“Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna görə, “toplantı” yığıncaq, mitinq, nümayiş, küçə yürüşü, piket formalarında ola bilər. Toplantıların hər hansı birini təşkil edən şəxs və ya şəxslər bu barədə müvafiq icra hakimiyyəti orqanını qabaqcadan yazılı surətdə xəbərdar etməlidirlər. Xəbərdarlıq müvafiq icra hakimiyyəti orqanının zəruri tədbirlər görməsi üçün onun yeri və vaxtının, küçə yürüşünün isə marşrutunun razılaşdırılması üçün toplantının keçiriləcəyi gündən azı 5 iş günü əvvəl təqdim edilməlidir.
Yazılı xəbərdarlıqda bu məlumatlar olmalıdır:
1) keçirilməsi nəzərdə tutulmuş toplantının forması;
2) ümumi məqsədi;
3) toplantının keçirilmə yeri və vaxtı;
4) iştirakçıların təxmini sayı;
5) küçə yürüşü keçirilirsə, onun təklif edilən marşrutu (yürüşün başlanma yeri, məsafəsi və bitəcəyi yer);
6) toplantı təşkilatçıları barədə məlumat (fiziki şəxsin adı, soyadı, atasının adı, və ünvanı; hüquqi şəxsin adı və hüquqi ünvanı);
7) yazılı xəbərdarlığın təqdim edildiyi tarix;
8) əlaqə telefonları və ya onlar olmadıqda əlaqə ünvanı.
Toplantı təşkilatçılarının hamısı yazılı xəbərdarlığı imzalamalıdırlar.
18 yaşına çatmamış şəxslər valideynlərinin və ya digər qanuni nümayəndələrinin yazılı razılığı olmadan və fəaliyyət qabiliyyəti məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məhdudlaşdırılmış şəxslər himayəçilərinin yazılı razılığı olmadan dinc toplantının təşkilatçısı ola bilməzlər.
Sərbəst toplaşmaq azadlığı yalnız bu motivlərlə məhdudlaşdırıla bilər:
1) ictimai və dövlət təhlükəsizliyi mənafelərinin qorunması üçün;
2) ictimai asayişin pozulmasının qarşısını almaq üçün;
3) iğtişaş və ya cinayətlərin baş verməməsi üçün;
4) əhalinin sağlamlığının mühafizəsi üçün;
5) əxlaq normalarının və mənəviyyatın mühafizəsi üçün;
6) başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün.
Ayrı-seçkiliyə, ədavətə və ya zorakılığa çağırışlarla müşayiət olunan, milli, irqi və ya dini ədavəti, müharibəni təbliğ edən toplantılar qadağan edilir.
Siyasi məqsədlə dinc toplantının keçirilməsi seçki və referendum gününə 24 saat qalmışdan səsvermə məntəqələri bağlananadək yasaqdır.
Təhlükəsizlik tədbirlərinin keçirilməsi zərurəti ilə əlaqədar mühüm dövlət əhəmiyyətli beynəlxalq tədbirlərin ərəfəsində və onların keçirildiyi günlərdə həmin tədbirlərin keçirildiyi şəhər və rayonların ərazilərində siyasi məqsədlə toplantıların keçirilməsi müvafiq icra hakimiyyəti orqanının qərarı ilə qadağan edilə bilər.
Qanun fövqəladə və ya hərbi vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşləri və piketlərin keçirilməsinə məhdudiyyət qoymaq və ya onların keçirilməsinin qadağan etmək imkanlarını da nəzərdə tutur.
Bu yerlərdə yığıncaqların, mitinqlərin, nümayişlərin və küçə yürüşlərinin keçirilməsi qadağan edilə bilər:
1) Milli Məclisin, Prezident Sarayının, prezidentin iqamətgahının, Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin, mərkəzi, rayon və şəhər icra hakimiyyəti orqanlarının, Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin, apellyasiya məhkəmələrinin və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin yerləşdiyi binaların ətrafında 200 metr radius çərçivəsində;
2) körpülərdə, tunellərdə, tikinti aparılan sahələrdə, insan həyatı və sağlamlığı üçün təhlükəli olan istehsalat obyektlərində və istismarı xüsusi təhlükəsizlik texnikası normalarına riayət olunmasını tələb edən digər obyektlərdə, xüsusi mühafizə olunan təbiət ərazilərində və obyektlərində, magistral boru kəmərlərinin, gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin, hava limanlarının, metropolitenin, dəmir yolu qurğularının, müdafiə obyektlərinin, su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının, neft buruqlarının, suların mühafizə zonalarında;
4) hərbi məqsədlər üçün istifadə olunan ərazilərdə və bu ərazilərin sərhədlərinə 150 metrdən yaxın, zəruri hallarda isə bu ərazilərdən toplantı iştirakçıları üçün təhlükəli məsafə daxilində olan yerlərdə;
5) penitensiar müəssisələrin, istintaq təcridxanalarının, psixiatriya müalicə müəssisələrinin ərazilərində və bu ərazilərin sərhədlərinə 150 metrdən yaxın olan yerlərdə.
Siyasi məzmunlu toplantıların ziyarətgahlarda, ibadətgahlarda və qəbiristanlarda keçirilməsi məhdudlaşdırıla bilər.
Toplantı haqqında müvafiq icra hakimiyyəti orqanlarının qərarları tədbirin təşkilatçılarına onun keçirilməsinə azı 3 iş günü qalmış yazılı şəkildə çatdırılmalıdır. Həmin qərarlar aydın və əsaslandırılmış olmalıdır.