Azərbaycan Konstitusiyasının 96-cı maddəsi seçki hüququ olan 40 min vətəndaşa da qanunvericilik təşəbbüsü ilə çıxış etmək, yəni Milli Məclisin müzakirəsinə qanun layihələri təqdim etmək hüququ verir.
Respublikaçı Alternativ Partiyası (REAL Partiya) bunu əsas götürərək seçki hüququ olan 40 min vətəndaşın imzası ilə Milli Məclisə qanun layihələri təqdim etmək istəyir.
Partiyanın hazırladığı layihələr Bakı şəhərində seçkili mer vəzifəsinin təsis edilməsi, devalvasiya nəticəsində vətəndaşlara, banklara və müəssisələrə kredit ödənişləri ilə bağlı vurulmuş zərərin ödənilməsi və ali təhsil üçün ödənişləri tamamilə dövlətin ödəməsi haqqındadır.
Bakıda seçkili mer vəzifəsinin təsis edilməsi məqsədilə hazırlanan qanun layihəsi “Azərbaycan Respublikasının paytaxtı haqqında” konstitusiya qanunu adlanır.
“2019-cu ilin dövlət büdcəsinə dəyişikliklər haqqında” qanun layihəsi isə həm pulsuz ali təhsil, həm də devalvasiyanın vurduğu zərər məsələlərini əhatə edir.
Birinci layihəyə görə, Bakı Şəhər Bələdiyyəsi yaradılmalı, paytaxtın icra hakimiyyətinin başçısı mer olmalı, bələdiyyə üzvləri və mer Bakıda qeydiyyatda olan və daimi yaşayan seçicilər arasından 5 il müddətinə seçilməlidir.
İkinci layihəyə görə, 2015-ci ilin fevral və dekabr aylarında ölkədə baş vermiş devalvasiyalar nəticəsində vətəndaşlara, banklara və müəssisələrə kredit ödənişləri ilə bağlı dəyən zərərin ödənilməsi üçün dövlət büdcəsindən 1 milyard 748 milyon 700 min manat, Dövlət İmtahan Mərkəzinə verdikləri imtahan nəticəsində ödənişli ali təhsil hüququ qazanmış vətəndaşların təhsil haqlarının ödənilməsi üçün isə 150 milyon manat ayrılmalıdır.
Layihələrin parlamentdə müzakirəyə çıxarılmasına nail olmaq üçün REAL imza toplamağa başlayıb.
REAL Partiyanın imza kampaniyasının koordinatoru Elkin Xəlilov Novator.az-ın suallarını cavablandırıb.
– İmza kampaniyası haçan başlanıb?
– Kampaniya barədə ilk bilgini 2018-ci il noyabr ayının 6-da partiyamızın sədri İlqar Məmmədov “Facebook” vasitəsilə yaymışdı. Bu, məlumat xarakterli bir video idi. Kampaniyaya isə noyabrın 19-da start verildi.
– İmza toplanması üçün partiyanız hansı addımları atır?
– 40min.biz adlı sayt yaratmışıq. Orada kampaniya barədə geniş məlumat, təklif etdiyimiz qanun layihələri haqda izahlar var.
Saytda elektron formada imza vərəqələri də yerləşdirilib. İstənilən şəxs vərəqələri çap edib imzasını atmaqla kampaniyaya qoşula bilər.
Videolar da hazırlamışıq. Bir dəqiqəlik həmin videolarda İlqar Məmmədov kampaniya barədə vətəndaşlara məlumatlar çatdırır, imza kampaniyasının niyə keçirildiyinə, bunun siyasi-iqtisadi önəminə və başqa məsələlərə aydınlıq gətirir.
– Paytaxtda imza toplandığı bəllidir. Ölkənin başqa bölgələrindən də kampaniyaya qoşulanlar varmı?
– Partiyada regional təşkilatlarımız El Məclisi formasında qurulub. Naxçıvan Muxtar Respublikasını çıxmaq şərti ilə ölkənin bütün bölgələrində El məclislərimiz var. İmzaların az qala yarısı elə bölgələrdən yığılıb. Kifayət qədər rəqabətli bir mühit var region məclisləri arasında. Hazırda son imzalar toplanır. Regionlarda da məclislər fevralın 20-nə kimi mərkəzi ofisə imza vərəqələrini təhvil verəcəklər.
– Tanınmış şəxslərdən kimlər kampaniyaya qoşulub?
– AXCP sədri Əli Kərimli, Milli Şuranın sədri Cəmil Həsənli, Müsavat Partiyasının öncül şəxsləri Yadigar Sadıqlı, Tofiq Yaqublu, Elman Fəttah, yazıçı Rasim Qaraca, aktyor İlqar Cahangir, kinorejissor Əli İsa Cabbarov, Demokratik Təşəbbüslər İnstitutunun sədri Akif Qurbanov, hüquqşünas Ələsgər Məmmədli, vəkil Rəşid Hacılı, keçmiş siyasi məhbuslardan Zaur Qurbanlı, Rəşadət Axundov, kino tənqidçisi Aygün Aslanlı bu kampaniyaya dəstək veriblər.
– Maneələr varmı?
– Kampaniya zamanı paytaxtda və ya regionlarda maneə ilə üzləşməmişik. İmza toplayan adamlarımıza təzyiqlər olsun, imza vərəqələri əllərindən alınsın – belə hallar olmayıb. Amma normal ölkələrdə bu cür kampaniyaları ictimai yerlərdə həyata keçirmək olur. İmza kampaniyasında problemini qaldırdığımız kəsimlərdən tələbələr də var. Məsələn, biz Bakı Dövlət Universitetində, Tibb Universitetində və başqa bu kimi yerlərdə stend qurub imza yığmaq istəyirdik. Sadəcə, mümkün təhlükələri nəzərə alıb fikrimizdən daşındıq. Çünki buna kimi mitinqlər ərəfəsində də çağırış vərəqələri paylayan şəxslərə qarşı təzyiqlər olub. Ona görə bunu etmədik.
– Üç aya yaxındır kampaniyanız davam edir. 40 min imza üçün çox vaxt deyilmi?
– Ölkədəki ictimai-siyasi durumu nəzərə aldıqda çox deyil. Azərbaycanda ümumi bir qorxu mühiti var. İnsanlar imza atmağa çəkinirlər. İşdən çıxarılacaqlarından, ailələrinə təzyiq olacağından ehtiyatlanırlar. Buna görə çətinliklərimiz oldu.
Onu da nəzərə alaq ki, indiyədək seçki olmayan vaxtlarda kimsə insanlardan imza yığmayıb. Əhalinin müəyyən kəsiminin bizim apardığımız kampaniyadan xəbəri yoxdur. Televiziya, radio kimi kütləvi informasiya vasitələrindən kənarda qalmışıq. Özümüz də kampaniyanı güclü təbliğ etmədik. Bu, düşünülmüş bir addım idi. İstədik ki, təşkilatın daxili gücünü hesablayaq. Buna da qismən nail olduq.
Həmçinin bizim üçün maraqlı idi ki, kampaniya barədə insanlar danışsın, azad mediada, sosial şəbəkələrdə müzakirələr aparılsın. Bu məsələyə də demək olar ki, nail olduq. 2013-cü ildə sayı indikindən dəfələrlə az olan üzvlərimizin sayəsində biz İlqar Məmmədovun prezidentliyə namizədliyi üçün lazım olacaq imzaları toplaya bilmişdik. 2015-ci ilin parlament seçkisində deputatlığa namizəd olacaq üzvlərimiz də qısa zamanda tələb olunan imzaları toplayıb seçki qurumuna təhvil vermişdilər. Seçki vaxtı keçirilən imza kampaniyası ilə seçki olmayan zamanda aparılan imza kampaniyası arasında fərq var. O üzdən 3 ayı uzun müddət saymaq olmaz.
– Hazırda neçə imza toplanıb?
– İndiyə kimi 33 min imza toplanıb. Bizdə olan məlumata görə, hazırda partiyamızın üzvlərində və digər vətəndaşlarda 500-600 arası imza vərəqəsi var. Bu da 12 mindən bir az çox imza deməkdir. Fevral ayının sonuna yaxın kampaniyamız başa çatacaq. Ondan sonra bir-iki günün imzaların sayılması prosesinə sərf olunacağını nəzərə alsaq, ayın axırı imza kampaniyasını bitirmiş olacağıq.