İlham İsmayıl
Yazının başlığına çıxardığımız kəlam ABŞ-ın 25-ci prezidenti, Nobel sülh mükafatı laureatı Teodor Ruzveltə məxsusdur. Sülh üzrə ən yüksək mükafat alan şəxsin niyə sərt dəyənəkdən yapışmasına yazının sonunda qayıdacağıq.
Ötən il dekabrın 1-i İrəvanda “Lazarev klubu”nun təqdimat mərasimində danışan rusiyalı hərbi ekspert, MDB Ölkələri İnstitutunun direktor müavini Vladimir Yevseyev Bakını “İskəndər” raket kompleksləri ilə vurmaq təklifi vermişdi. Vladimir Yevseyev növbəti anti-Azərbaycan şərhi ilə yenidən özünü gündəmə gətirməyi bacarıb. O, Ermənistanın Rusiyadan “Su-30SM” qırıcı təyyarələri almağa hazırlaşmasını erməni mediasına belə bir şərh edib: “Azərbaycanla Ermənistan arasında hərbi balansın pozulması aprel müharibəsinə gətirib çıxardı və indi balans, keyfiyyət tarazlığı ilə bərpa edilir. “Su-30SM” qırıcısı “İskəndər” kompleksi kimi hava sahəsində güclüdür. Bunun sayəsində Ermənistan hava məkanında üstünlüklərə sahib olacaq və yeni bir situasiya yaradacaq. Həmişə qeyd olunub ki, Azərbaycan hava məkanında üstündür, amma bu təyyarələrin alınması vəziyyəti kökündən dəyişir. Bütün meteoroloji şəraitlərdə, gündüz də, gecə də çox funksiyalıdır, hədəfləri məhv edir”.
Açığı, Rusiyadan və rus məmurlardan başqa bir mövqe gözləmək sadəlövhlük olardı. Ermənilər Rusiyanı daim şantaj və tənqid edir ki, “Moskva Ermənistan qarşısında məsuliyyət rejimini” unutmamalıdır, əks halda Rusiya Ermənistanı və bütün Cənubi Qafqazı itirəcək. Təbii ki, söhbət Qarabağdan gedir. Qarabağ münaqişəsinin həllində həmişə olduğu kimi Rusiyanın Ermənistan mövqeyində dayanması və bunun Rusiyanın da bölgədəki maraqları ilə üst-üstə düşməsi əsrlərdir erməni-rus siyasətinin ana xəttini təşkil edir. Erməni mediasının Rusiyanı tənqid və təhqir etməsinə baxmayaraq daim Moskvanın onları müdafiə etməyə məcbur olduğu da xüsusi vurğulanır.
“Bu, Ermənistanla müttəfiqlik və legitim regional siyasət rejimi ilə bağlı Rusiyanın məsuliyyətini saxlamaq üçün son dərəcə vacibdir, ona görə ki, İrəvana verdiyi qırıcılardan sonra Moskva Azərbaycanla yeni nəsil təyyarələrin satışı ilə bağlı danışıqlara başlamayacaq”. Bu fikirlər erməni politoloquna məxsusdur və demək olar ki, Paşinyanın siyasətini əks etdirir.
Bu, Nikol Vovayeviçin Rusiyadan özünü sığortalamaqla mövqelərini möhkəmlətmək siyasətidir. Yeni baş nazir ona məhəbbətlə baxan Qərbi də unutmayıb. Nikol Paşinyanın Almaniya kansleri Merkellə görüşündə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dediklərini bir də xatırlayaq: “Mən deyirəm Qarabağ məsələsi elə həll olunmalıdır ki, Qarabağ xalqı üçün, Ermənistan xalqı üçün və Azərbaycan xalqı üçün məqbul olsun. İndiyədək Azərbaycan tərəfdən bir məmur da çıxıb demir ki, münaqişəni elə həll edək Qarabağ və Ermənistan üçün məqbul olsun”.
İlk baxışdan sözgəlişi təsir bağışlasa da, Avropa səhnəsi üçün düşünülmüş gedişdir. Yoxsa xanım Merkel də xüsusi sevinclə bu fikirləri “cəsarətli addım” adlandırıb “indi sözün arxasında hərəkət dayanmalıdır” deməzdi. Teodor Ruzveltin siyasət haqqında daha bir dəyərli fikri var: “Siyasətdə heç bir şey təsadüfən baş vermir. Bir şey baş verərsə, deməli, belə düşünülübmüş”.
Paşinyanın sözlərinə Azərbaycan Xarici İşlər Nazirliyinin cavabı həmişəki kimi standart oldu – BMT qətnamələri, qoşunların çıxarılması və sülh olduğu təqdirdə Ermənistanın böyük iqtisadi xeyir görəcəyi, infrastruktur məsələsi… Erməni siyasətçiləri və mediası birmənalı şəkildə bizim “iqtisadi inkişaf vədlərimizi” qəbul etməyib, Qarabağı “infrastruktura dəyişmək” ideyasını qeyri-ciddi adlandırdılar. Səbəbi çox sadədir: Qarabağı tutub qalib kimi şərtlərini diktə edirlər.
Əvvəllər Azərbaycan diplomatiyasının yumşaq səsini cəbhə xəttindəki müəyyən hərbi əməliyyatlar az da olsa kompensasiya edə bilirdi. Çox təəssüf ki, yumşaq danışığımızı əvəz edən “sərt dəyənəyimiz” də yoxdur və son vaxtlar cəbhədəki yumşaqlıq diplomatiyadakı vəziyyəti arxada qoyub. Demək olar bir ildir cəbhə xəttində tam sakitlikdir və bu rahatlıqdan istifadə edən Paşinyan möhkəmləndikcə Azərbaycana Şimaldan, Qərbdən təzyiqlərini artırmaqla məşğuldur. Öz torpağımızla bizimlə alver edir və belə getsə, alverə davam edəcək. Neçə ki biz yumşaq danışığımızı sərt dilə, gücümüzü də Teodor Ruzveltin dediyi kimi “sərt dəyənəyə”, yəni hərbi müstəviyə keçirməmişik, status-kvo dəyişməyəcək və bu vəziyyət Şimalı da, Qərbi də, bəlkə də hamını qane edəcək, Azərbaycandan başqa. Siyasətçinin “sərt dəyənəyi” vacib bilməsi, ona Nobel sülh mükafatının verilməsinə mane olmayıb. Bizim də güc göstərməmiz – hektarları deyil, yaşayış məntəqələrini azad etməyimizdir və bu, sülh masasına oturmağa mane olmayacaq.
Erməni hərbi gücünü artırmağa davam edir. Qırıcı təyyarələrin yeni nəslinin Ermənistana verilməsi, rus ekspertin dili ilə desək, “yeni situasiya yaradır” və bu siyasətin adı balans yaratmaq yox, güc nümayişidir. Gücü düşmənə göstərərlər.