Yanvarın 31-i Azərbaycan Xalq Cümhuriyyətinin qurucu lideri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 135-ci ildönümü münasibətilə Bakının Novxanı qəsəbəsində yürüş-mitinqlər keçirilib.
Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Novxanıda anadan olub. Bakıdakı II rus-müsəlman məktəbində, Bakı Texniki Məktəbində təhsil alıb.
1903-cü ildə Azərbaycanlı Gənc İnqilabçılar Dərnəyini yaradıb. 1904-cü ildə Rusiya Sosial Demokrat Fəhlə Partiyasının nəzdində “Hümmət” Sosial Demokrat Təşkilatının yaradıcılarından olub. 1907-ci ildə RSDFP-dən uzaqlaşıb rus müstəmləkə üsul-idarəsinə qarşı fəaliyyətə başlayıb.
1911-ci ildə Müsavat Partiyasının qurulmasında iştirak edib. Partiyanın ilk başqanı olub. 1918-ci ildə Azərbaycanın müstəqilliyini bəyan edən Milli Şuraya sədrlik, daha sonra Azərbaycanın ilk parlamentində Müsavat fraksiyasına başçılıq edib.
1920-ci ildə bolşeviklər Azərbaycanı işğal edəndə həbs olunub, azadlığa çıxandan sonra Moskvada yaşayıb. 1922-ci ildə Finlandiyaya, oradan Fransaya, sonra Türkiyəyə gedib. 1955-ci il martın 6-sı Ankarada vəfat edib, “Əsri” qəbiristanlığında dəfn olunub.
Məhəmməd Əmin Rəsulzadənin 135 illiyi münasibətilə Müsavat Partiyasının, Demokratik Qüvvələrin Milli Şurasının üzvləri və tərəfdarları günün ayrı-ayrı saatlarında Novxanıya yürüş edib, Rəsulzadənin qəsəbədəki heykəli önündə mitinq keçiriblər.
Müsavat üzvlərinin və tərəfdarlarının iştirakı ilə keçirilən mitinqdə partiyanın başqanı Arif Hacılı, başqan müavinləri Səxavət Soltanlı, Gülağa Aslanlı, Müsavat Məclisinin sədri Nüşabə Sadıxlı, Müsavatın sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər, professor Almaz Əliqızı, Demokratik Qüvvələrin Milli Şurası üzvlərinin və tərəfdarlarının iştirakı ilə keçirilən mitinqdə şuranın liderləri – AXCP sədri Əli Kərimli, professor Cəmil Həsənli, həmçinin AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü İlham Hüseyn və başqaları çıxış ediblər.
Çıxışların bəzi məqamlarında elektrik enerjisi kəsildiyinə mikrofonlar müvəqqəti işləməyib.