Yanvarın 29-u Xarici İşlər Nazirliyində “Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin İdarə Heyətinin Azərbaycanda akkreditə olunmuş xarici dövlətlərin və beynəlxalq təşkilatların diplomatik nümayəndələri ilə görüşü keçirilib.
Novator.az bildirir ki, 2009-cu ildə yaradılmış “Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin İdarə Heyətinə əvvəlcə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov sədrlik edib. 2018-ci il dekabrın 20-də Tural Gəncəliyev sədr seçilib.
Tural Gəncəliyev Xarici İşlər Nazirliyinin Beynəlxalq Hüquq və Müqavilələr İdarəsinin birinci katibidir.
23 nəfərdən ibarət yeni İdarə Heyətində Asif Cahangirov sədrin müavini, ictimai birliyin fəaliyyətinin əlaqələndiricisi vəzifəsini, Dövlət İdarəçilik Akademiyasının professoru Elçin Əhmədov sədrin müavini postunu tutur.
Əvvəlki sədr Bayram Səfərov da İdarə Heyətinin üzvüdür.
İdarə Heyətinin digər üzvləri bu şəxslərdir: Rövşən Rzayev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri; Şahmar Usubov, Xocalı Rayon İcra Hakimiyyətinin başçısı; Eyvaz Hüseynov, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı; Polad Bülbüloğlu, Azərbaycanın Rusiyada səfiri; Elman Məmmədov, Milli Məclisin deputatı; Flora Qasımova, Milli Məclisin deputatı; Fərhad Bədəlbəyli, Bakı Musiqi Akademiyasının rektoru; Kamal Abdulla, Azərbaycan Dövlət Dillər Universitetinin rektoru; Murad Adıgözəlzadə, Azərbaycan Dövlət Filarmoniyasının direktoru; Ramiz Qafarov, Ağdam Rayon İcra Hakimiyyəti başçısının Yeni Qaralar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi; Elməddin Bağırov, Xocalı Rayon Gənclər və İdman İdarəsinin rəisi; Qalib Quliyev, “Xocalının səsi” qəzetinin baş redaktoru; Samirə Hüseynova, Xocalı şəhər 2 saylı tam orta məktəbinin müəllimi; Xatirə Vəliyeva, Bakı Şəhər Tibbi Bədən Tərbiyəsi Dispanserinin həkim-laborantı; Dürdanə Ağayeva, Xəzər rayonunun Buzovna qəsəbəsinin rabitə şöbəsində rabitəçi; Ceyhun Ələkbərov, Efiopiyanın Azərbaycanda fəxri konsulu, iş adamı; Ceyhun Əliyev, “PROSYS” MMC-nin baş meneceri; Fuad Cəfərov, “Paşa Bank” ASC-nin eksperti; Nigar Mövsümlü, “Unilever” istehsalatçı firmasında Azərbaycan və Gürcüstan üzrə müdir müavini.
İctimai birliyin qərargahı Bakının Nərimanov rayonunda, Şuşa Rayon İcra Hakimiyyətinin binasında yerləşir.
AZƏRTAC-ın məlumatına görə, yanvarın 29-da İdarə Heyətinin xarici dövlətlərin və beynəlxalq təşkilatların diplomatik nümayəndələri ilə görüşünü açan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələrindən bəhs edərək yüz minlərlə azərbaycanlının işğal olunmuş Dağlıq Qarabağ regionundan və ətraf rayonlardan zor gücünə didərgin salındığını qeyd edib. O, işğal edilmiş ərazilərin azad olunmasının və məcburi köçkünlərin öz evlərinə geri qayıtmasının vacibliyini vurğulayıb. Münaqişənin həlli ilə bağlı davam edən danışıqlar çərçivəsində erməni və azərbaycanlı əhalinin sülhə hazırlanması çağırışını xatırladan nazir müavini bu xüsusda Dağlıq Qarabağ bölgəsinin iki icması arasında təmasların və dialoqun bərpa edilməsinin önəmini diqqətə çatdırıb.
Mahmud Məmməd-Quliyev görüşün əsas məqsədinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının İdarə Heyətinin diplomatik korpusa təqdim edilməsi olduğunu qeyd edib. O, işğal olunmuş torpaqlardan didərgin salınmış məcburi köçkünlərin, o cümlədən Dağlıq Qarabağ bölgəsinin 80 min nəfərdən çox azərbaycanlı icmasının pozulmuş fundamental insan hüquqlarının bərpa olunmasının və bu insanların səsinin beynəlxalq səviyyədə eşidilməsinin yüksək əhəmiyyət kəsb etdiyini diplomatik korpusun diqqətinə çatdırıb.
Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Dağlıq Qarabağ münaqişəsinin doğurduğu ağır fəsadları qeyd edərək beynəlxalq ictimaiyyətin münaqişənin həlli ilə bağlı mövqeyini, o cümlədən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin tələblərini tədbir iştirakçılarına xatırladıb, beynəlxalq ictimaiyyətin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq ədalətli həllinin tərəfdarı olduğunu vurğulayıb. Şöbə müdiri bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərinin azərbaycanlı əhalisini etnik təmizləməyə məruz qoyan, onların bütün fundamental hüquq və azadlıqlarını, o cümlədən yaşamaq hüququnu kobud şəkildə pozan Ermənistanın Dağlıq Qarabağın erməni icmasına imtiyazlı hüquqlar tələb etməsi insan hüquqlarının qorunması üzrə bütün sənədlərə köklü şəkildə ziddir.
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev çıxışında vaxtilə Şuşada erməni qonşuları ilə birgə sülh şəraitində yaşadığı günləri xatırlayaraq azərbaycanlı icmanın erməni icması isə təmaslar qurmağa və konstruktiv dialoq aparmağa hazır olduğunu diqqətə çatdırıb.
İdarə Heyətinin üzvləri, Xocalıda anadan olmuş Dürdanə Ağayeva və Samirə Hüseynova Xocalı şəhərinin işğalından öncə orada ermənilərlə birgə əmin-amanlıq şəraitində yaşadıqlarını qeyd edərək dinc erməni əhalisinin Ermənistanın işğalçı siyasətinin girovuna çevrildiyini vurğulayıb, Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında dialoqun bərpa olunmasının bölgədə etimadın yaradılması baxımından əhəmiyyətli olduğunu bildiriblər.
1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ vilayətini ələ keçirmək üçün təcavüzə başlayıb. 1991-ci ildə ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib, işğalçı müharibə alovlanıb. 1994-cü ildə atəşkəslə dayanan müharibədə Ermənistan Dağlıq Qarabağ bölgəsini (Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd, Ağdərə rayonları) və onun ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları), eləcə də Qazax rayonunun 7, Naxçıvan Muxtar Respublikasının 1 kəndini işğal edib.
Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi ilə 1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupu məşğul olur. Bu quruma ABŞ, Fransa, Rusiya (həmsədrlər), Türkiyə, Belarus, İtaliya, Almaniya, İsveç, Finlandiya, eləcə də Azərbaycanla Ermənistan daxildir.