Yarandığı gündən işğalçı Ermənistan Ordusunun başında dayanmış şəxslərin üçü Azərbaycanda dünyaya gəlib.
Novator.az bildirir ki, 1991-1992 və 1995-1999-cu illərdə Ermənistanın müdafiə naziri postunu Vazgen Sərkisyan tutub. 1959-cu ildə Ermənistanın Ararat şəhərində doğulan Vazgen Sərkisyan 1999-cu il oktyabrın 27-də, baş nazir olarkən terror aktında öldürülüb.
1992-1993-cü illərdə Vazgen Manukyan müdafiə naziri olub. 1946-cı il təvəllüdlü Vazgen Manukyan Ermənistanın Gümrü şəhərindəndir.
1993-1995 və 2000-2007-ci illərdə müdafiə naziri vəzifəsində Serj Sərkisyan əyləşib. Serj Sərkisyan 1954-cü ildə Azərbaycanın Stepanakert (Xankəndi) şəhərində doğulub. 1989-cu ildən Dağlıq Qarabağdakı qanunsuz hərbi birləşmələrin komandanı olub.
2008-ci ildən ötən il aprelin 9-dək Ermənistan prezidenti postunu tutan Serj Sərkisyan aprelin 17-də baş nazir kürsüsünə əyləşib, ancaq aprelin 23-də xalq etirazlarına görə istefa verib.
1999-2000-ci illərdə Vaqarşak Arutyunyan müdafiə naziri olub. Vaqarşak Arutyunyan 1956-cı ildə Gürcüstanda doğulub, ilk hərbi təhsilini Bakıdakı Xəzər Ali Hərbi Dəniz Məktəbində alıb.
2007-2008-ci illərdə Mikael Arutyunyan müdafiə naziri vəzifəsini tutub. 1946-cı ildə Azərbaycanın Şamaxı rayonunun Saqiyan kəndində doğulan Mikael Arutunyan Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib.
2008-2016-cı illərdə Seyran Ohanyan müdafiə naziri olub. Seyran Ohanyan 1962-ci ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində, Şuşada doğulub, Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib. 1999-2007-ci illərdə Dağlıq Qarabağ rejiminin “müdafiə naziri” olub.
Həm Mikael Arutyunyana, həm də Seyran Ohanyana 2008-ci il martın 1-də xalq etirazlarını qanla yatırtmağa görə cinayət işi qaldırılıb. Rusiyada yaşayan Mikael Arutyunyan axtarışa verilib, Seyran Ohanyanın isə Ermənistandan çıxması yasaqlanıb.
2016-2018-ci illərdə Vigen Sərkisyan müdafiə naziri olub. 1975-ci il təvəllüdlü Vigen Sərkisyan yerevanlıdır.
2018-ci ildə müdafiə naziri vəzifəsində David Tonoyan əyləşir. David Tonoyan 1967-ci ildə Qazaxıstanda doğulub.
1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ vilayətini ələ keçirmək üçün təcavüzə başlayıb. 1991-ci ildə ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib, işğalçı müharibə alovlanıb. 1994-cü ildə atəşkəslə dayanan müharibədə Ermənistan Dağlıq Qarabağ bölgəsini (Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd, Ağdərə rayonları) və onun ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları), eləcə də Qazax rayonunun 7, Naxçıvan Muxtar Respublikasının 1 kəndini işğal edib.