Bakı Şəhər İcra Hakimiyyəti Demokratik Qüvvələrin Milli Şurasının planlaşdırdığı növbəti mitinqlə bağlı müraciətini cavablandırıb.
Milli Şura müraciətində bildirmişdi ki, yanvarın 26-sı Bakının Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda (metronun “İnşaatçılar” stansiyasının yanı) mitinq keçirmək istəyir.
Müraciət yanvarın 18-i göndərilmişdi. Cavab yanvarın 24-ü verilib.
Novator.az-ın məlumatına görə, cavab məktubunda bildirilib ki, Milli Şuranın yanvarın 19-da keçirdiyi mitinqdən sonra ictimai asayiş pozulub. Eyni zamanda Milli Şuranın üzvləri yanvarın 20-də Bakıda Şəhidlər xiyabanını ziyarət zamanı bir sıra qanun pozuntusuna yol veriblər. Bunları əsas gətirərək meriya 26 yanvar mitinqinin keçirilməsini məqsədəuyğun hesab etməyib.
Cavab məktubunun məzmunu açıqlanandan sonra mediaya o da bəlli olub ki, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov müxalifətə mitinq keçirməyə icazə verilməməsi üçün Bakı Şəhər İcra Hakimiyyəti qarşısında vəsatət qaldırıbmış və meriyanın 26 yanvar mitinqinə razılaşmamasının bir səbəbi də budur.
General-mayor Mirqafar Seyidov belə bir vəsatət qaldıracağını yanvarın 22-də Report.az-a müsahibəsində bəyan etmişdi. O bildirmişdi ki, 19 yanvar mitinqindən sonra paytaxtda asayişi pozmağa, iğtişaşlar yaratmağa cəhdlər olub: “Sözsüz ki, bu cür qanunazidd hərəkətlərin qarşısı alındı. Ona görə də belələrinə kütləni idarə edə biləcəkləri vaxtadək hər hansı toplantı keçirməyə icazə verilməməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti qarşısında vəsatət qaldıracam”.
19 yanvar mitinqi İdman-Sağlamlıq Kompleksinin stadionunda (metronun “İnşaatçılar” stansiyasının yanı) olub. Bakı Şəhər İcra Hakimiyyətinin sanksiyalaşdırdığı aksiyada bloqçu Mehman Hüseynovun və bəzi hüquq müdafiəçilərinin siyasi məhbus kimi tanıdığı başqa şəxslərin azadlığa buraxılması tələb edilib.
Yanvarın 22-si mitinqin təşkilatçıları Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilib. Onlara bildirilib ki, 19 yanvar mitinqindən sonra iştirakçıların bir qrupu Şərifzadə küçəsində və “İnşaatçılar” metro stansiyasının yaxınlığında “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun tələblərinə zidd olaraq aksiyanın razılaşdırılmış vaxtından və ərazisindən kənar qanunsuz küçə yürüşünə cəhd ediblər. Buna görə də mitnqin təşkilatçıları qanunsuz hərəkətlərin gələcəkdə təkrarlanacağı təqdirdə ən ciddi tədbirlərin görüləcəyi barədə rəsmən xəbərdar olunub.
Yanvarın 20-si Milli Şuranın üzvləri Şəhidlər xiyabanını ziyarət etmək istərkən insident baş verib. Milli Şuranın liderlərindən olan AXCP sədi Əli Kərimli iddia edir ki, polis onun böyük dəstə ilə xiyabanı ziyarət etməsinin qarşısını almağa çalışıb. Daxili İşlər Nazirliyinin sözçüsü Ehsan Zahidov isə bəyan edib ki, yanvarın 19-u Milli Şuranın Bakıda keçirdiyi mitinqdə asayişi pozmağa cəhd edən şəxslər ertəsi gün Şəhidlər xiyabanını ziyarət zamanı qarşıdurma yaradaraq ictimai asayişi pozublar.
Şəhidlər xiyabanını ziyarət zamanı baş vermiş insidentə görə bir neçə müxalifətçi inzibati qaydada həbs olunub. Onların əksəri AXCP üzvləridir.
Demokratik Qüvvələrin Milli Şurası müxalifətin bir hissəsini birləşdirir. Şuraya tarixçi professor Cəmil Həsənli sədrlik edir.