Bakı Nəqliyyat Agentliyi paytaxtın inzibati ərazisində dayanma, durma və parklanma qaydalarını pozmuş nəqliyyat vasitələrinin mühafizə edilən duracağa aparılması prosesinə başlayır.
Rəsmi məlumatda bildirilir ki, İnzibati Xətalar Məcəlləsinin 346.1 və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda, habelə 346-1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkilişi aparılmaqla nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar tərtib edilir və nəqliyyat vasitəsi mühafizə edilən duracağa aparılır.
İnzibati tənbeh vermə haqqında qərarda nəqliyyat vasitəsinin aparıldığı duracağın ünvanı göstərilir. Həmin qərar dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə məlumat verilir.
Novator.az-ın məlumatına görə, İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən, dayanma və ya durma qaydalarını pozmaq 20 manat məbləğində cəriməyə səbəb olur.
346.2-ci maddəyə əsasən, ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya ictimai nəqliyyatın dayanacaq yerlərini bildirən yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə 40 manat cərimə düşür.
346-1.5-ci maddə nəqliyyat vasitəsinin 24 saatdan artıq parklanma yerində saxlanmasına görə 20 manat cərimə nəzərdə tutur.