İqtisadçı Rövşən Ağayev prezident İlham Əliyevin struktur yeniliklərini nəzərdə tutan fərmanlarına münasibət bildirib. Novator.az-ın məlumatına görə, ekspert yazır: “Dövlət başçısı büdcədən maliyyələşən, hər biri az qala nazir səviyyəsində bir rəisin kreslosuna qucaq açan xeyli dövlət qurumunu ləğv edib. 2018-ci ilin iqtisadi yekunları ilə bağlı toplantıda bunun anonsu da verilmişdi – prezident struktur islahatlarının başlanacağını bəyan etmişdi. Bu addımlar çox önəmlidir – illərdir ictimai rəydə bu təkliflər dönə-dönə vurğulanır. Büdcəyə yük olan, cəmiyyətə faydası dəyməyən bircə qurum belə çoxdur.
Amma rəqabət qabiliyyətli iqtisadiyyat qurmaq, idarəetmə standartları baxımından inkişaf eləmiş dünyanın bir parçasına çevrilmək üçün bu addımlar yetərli deyil və gözlənilən effekti verməyəcək. Problemi kökündən həll eləmək lazımdır – idarəetmənin ifrat mərkəzləşməsindən vaxt itirmədən imtina etmək, əksmərkəzləşmə strategiyası qəbul edib seçkili idarəetmə sayəsində regionlarda iqtisadi idarəçiliyin müstəqilliyini artırmaq lazımdır. Yəni lazımsızları ləğv eləmək, lazımlıların isə sosial-iqtisadi sahədə lokal səlahiyyətlərini seçkili yerli orqanların xeyrinə məhdudlaşdırmaq çox mühümdür.
Yerli səviyyədə sosial-iqtisadi problemlərin həllini sakinlər mərkəzi dövlət qurumlarından yox, özlərinin seçdiyi yerli özünüidarə orqanlarının qərarları ilə həll etməlidirlər. Sosial-iqtisadi ehtiyaclar nazir və icra başçılarının kabinetlərində yox, açıq və kollektiv müzakirələr aparılan bələdiyyə şuralarında müəyyən edilməli, ehtiyac olan vəsait də hamının gözü qabağında xərclənən yerli büdcələrdən ayrılmalıdır.
Gerçək iqtisadi inkişafın yolu tarazlı regional inkişafdan, əksmərkəzləşmədən, demokratik yerli özünüidarə sisteminin qurulmasından keçir”.
Başqa bir iqtisadçı, müxalif Respublikaçı Alternativ Partiyasının icra katibi Natiq Cəfərli yazır ki, yarımçıq struktur islahatları ilə idarəetmənin effektivliyinə nail olmaq mümkün deyil: “Köklü, qanunvericilikdə əks olunan dəyişikliklər lazımdır. Ya parlament respublikasına keçib buna görə hökumət sistemi qurulmalı, ya da, prezident idarə üsulu qalırsa, Nazirlər Kabineti ləğv edilməli, birbaşa prezidentə tabe olan azsaylı nazirliklər saxlanmalıdır.
Dövlət niyə turizmlə, reklamla, aqroparkla, nəqliyyatla, kommunal xidmətlərlə birbaşa məşğul olsun ki?! Dövlətin funksiyası ədalətli hakim rolunda çıxış edib rəqabətli mühit yaratmaqdır.
Bütün islahatların effektiv olması üçün isə ilk şərt müstəqil məhkəmə sistemidir, çünki “Ədalət mülkün təməlidir”. Azad məhkəməsiz heç bir addım effektiv olmayacaq. İslahat aparan avtoritar ölkələrdə belə mütləq ilk addım müstəqil məhkəmə sisteminin yaradılması olub”.
Yanvarın 14-də prezident İlham Əliyev struktur yeniliklərini nəzərdə tutan fərmanlar imzalayıb. Dəyişikliklərdən biri Müdafiə Sənayesi Nazirliyinin əsasında “Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin yaradılmasıdır.
Dövlət başçısının başqa fərmanına görə, Elmin İnkişafı Fondunun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətləri özünümaliyyələşdirmə prinsipi əsasında həyata keçirilməklə yenidən təşkil olunacaq.
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Bilik Fondu və Strateji Araşdırmalar Mərkəzi ləğv edilir.
Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu, habelə Tarif (qiymət) Şurasının Katibliyi ləğv edilir və onların fəaliyyəti ictimai əsaslarla həyata keçirilməklə yenidən qurulur.
İlham Əliyev həmçinin Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi yaradıb.
Nazirlər Kabinetinin 11 sentyabr iclasında çıxış edən prezident struktur islahatının gözləndiyini deyib: “İdarəetmədə struktur köhnəlib. Yeni idarəetmə strukturu olmalıdır – daha çevik, daha yığcam, daha məqsədyönlü. Çünki illər boyu yeni qurumlar yaranır. Onlar yarananda o qədər də hiss olunmur. Biri orada, biri burada yarandı, bir agentlik, bir xidmət yarandı. Sonra da baxanda görürük ki, bizim idarəetmə strukturumuz böyük dərəcədə şişirdilib. İndi dünyada əks proses gedir – idarəetmə daha yığcam, çevik, daha da məqsədyönlü və az işçi ilə böyük iş görmək üçün. Amma bizdə idarəetmə sistemi şişir. Buna son qoyulmalıdır. Ona görə struktur islahatı, kadr islahatı aparılmalıdır. Hər bir sahədə o sahəyə rəhbərlik edən şəxslər mütləq maksimum səmərə ilə işləməlidirlər”.