Bloqçu Mehman Hüseynova və adı bəzi hüquq müdafiəçilərinin siyasi məhbus siyahısında keçən digər şəxslərə azadlıq tələbi ilə aclıq aksiyası davam edir.
Novator.az bildirir ki, ilin əvvəllərindən başlanan aksiya Müsavat Partiyasının Bakıdakı mərkəzi qərargahında keçirilir.
Yanvarın 15-də siyasətçi Tofiq Yaqublu və ictimai fəal Natiq İsrafilov quru aclığa başladıqlarını, yəni su içməyi də dayandırdıqlarını bəyan ediblər.
Tofiq Yaqublu yanvarın 4-dən, Natiq İsrafilov yanvarın 9-dan aclıq edir.
Fəallar Sənubər Heydərova (5 gündür aclıq edir) və Şamil Nəsirov (4 gündür aclıq edir) da aclıq edənlər sırasındadır.
Yanvarın 15-də aclıq aksiyasına jurnalist Xədicə İsmayıl və ictimai fəal Namiq Abdullayev də qoşulub.
Bu günədək aclıq aksiyasında daha bir neçə nəfər iştirak edib.
Son günlər adı bəzi hüquq müdafiəçilərinin siyasi məhbus siyahısında keçən bir sıra məhbusların da aclıq aksiyasına başladığı haqda məlumatlar yayılmaqdadır. Penitensiar Xidmət bu məlumatları təkzib edir. Bu qurum bloqçu Mehman Hüseynovun aclıq etməsi iddialarını da rədd edir. Müdafiəçiləri isə Mehman Hüseynovun ötən il dekabrın 26-da quru aclığa başladığını, sonradan aksiyanı qismən qida qəbul etməklə davam etdirdiyini söyləyirlər.
Bəzi hüquq müdafiəçiləri Azərbaycanda 150 nəfərdən çox şəxsi siyasi məhbus sayır. Onlardan biri olan Mehman Hüseynov 2017-ci il martın 3-dən həbsdədir. O, polisə ağır cinayət ittihamı ilə böhtan atmaqda təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum olunub.
2018-ci il dekabrın 26-da ona hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə ittihamı ilə yeni cinayət işi açılıb. Bu ittiham 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Yeni cinayət işinin istintaqı ilə əlaqədar Mehman Hüseynov dekabrın sonlarında 14 saylı Cəzaçəkmə Müəssisəsindən Bakı İstintaq Təcridxanasına köçürülüb.