Pensiya qanunvericiliyində yeniliyə əsasən, 2019-cu ildən Azərbaycanda pensiya təyinatı avtomatlaşdırılıb. Pensiya hüququ yaranmış şəxslərə elektron qaydada pensiya təyinatı həyata keçirilir.
Sosial.gov.az-ın məlumatına görə, elektron qaydada pensiya təyinatı aparılmış ilk şəxs Bakının Yasamal rayon sakini, Dövlət İdarəçilik Akademiyasının dosenti Ramazan Camaləddin oğlu Şabanovdur. Yanvarın 7-də əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Ramazan Şabanovu təbrik edib. 64 yaşı tamam olan Ramazan Şabanov heç bir sənəd toplamadan, heç bir yerə müraciət etmədən ona elektron qaydada 490 manat pensiya təyin olunmasından məmnunluğunu ifadə edib. O deyib ki, ad günündə telefonuna gələn SMS vasitəsilə ona pensiya təyin olunduğunu öyrənib.
2019-cu ilin əvvəlindən pensiya hüququ yaranan 560 şəxsə avtomatlaşdırılmış qaydada pensiya təyinatı aparılıb. Hazırda pensiya hüququ qazanmaq üçün yaş həddi kişilər üçün 64, qadınlar üçün 61 yaşdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildirir ki, ölkə üzrə gözlənilən ömür uzunluğu kişilər üçün 73,1 yaş, qadınlar üçün 77,8 yaş, gözlənilən pensiya ödənişinin orta müddəti 13 il, o cümlədən kişilər üçün 9,1 il, qadınlar üçün 16,8 ildir.
2017-ci il iyulun 1-dək Azərbaycanda kişilər 63, qadınlar 60 yaşda pensiyaya çıxırdı. Həmin vaxtdan bəri yaş həddi artırılır. 2021-ci il iyulun 1-dək kişilərin, 2027-ci il iyulun 1-dək qadınların pensiya yaşı 65-ə çatacaq.
Novator.az bildirir ki, “Əmək pensiyaları haqqında” qanunda dəyişikliyə görə, 2019-cu ildən pensiya hüququ yaranmış şəxslərin 70 faizinin pensiya təyinatı avtomatlaşdırılmış qaydada aparılır. Pensiya şəxsə onun pensiya hüququnun yarandığı gün təyin edilir və onun sistemdə mövcud olan əlaqə vasitələrinin birinə pensiyanın təyin olunması, təyin edilmiş pensiyanın məbləği, pensiyanı almaqdan ötrü ödəniş kartını əldə etmək üçün nə zaman və hansı banka müraciət etmək barədə məlumat (SMS) göndərilir. Pensiya təyin olunması üçün vətəndaşın müraciətinə, onun fiziki iştirakına ehtiyac olmur, ondan heç bir sənəd tələb edilmir.
2019-2020-ci illərdə yaşa görə əmək pensiyası yaşına çatmış şəxslərin fərdi hesabında 1 iyul 2018-ci ilədək pensiya kapitalı qeydə alınıbsa (məbləğdən asılı olmayaraq), onlara əmək pensiyası təyin edilərkən 2006-cı ilin yanvarın 1-dək 25 il sosial sığorta stajı hesablanacaq. Həmin 25 illik stajın və eləcə də 2018-ci il iyulun 1-dək qeydə alınan pensiya kapitalının qanunvericiliyin tələbləri əsasında indeksləşdirilməsi aparıldıqdan sonra formalaşan ümumi pensiya kapitalı əsasında pensiya təyin olunacaq. Vətəndaşın 2006-cı ilədək faktiki sosial sığorta stajı 25 ildən çox olarsa, faktiki sosial sığorta stajı nəzərə alınacaq.
2021-ci ildən qanunla müəyyən edilmiş yaş həddinə çatan şəxslərə yaşa görə əmək pensiyası təyin edilərkən 2006-cı ilin yanvarın 1-dək olan sığorta stajı hər təqvim ili üçün bir il azaldılmaqla hesablanacaq. Məsələn, 2021-ci ildə həmin sığorta stajı artıq 25 il deyil, 24 il; 2022-ci ildə 23 il; 2023-cü ildə 22 il hesablanacaq.
Əlillik qrupu müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası təyin edilərkən onların 2006-cı ilədək olan sığorta stajı həmin dövrə aid əmək qabiliyyətli yaş dövrünün (15 yaşdan sonra) hər ili üçün 4 ay götürülməklə nəzərə alınacaq.
Ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən pensiyaçı olmayan vəfat etmiş şəxsin 2006-cı yanvarın 1-dək olan sığorta stajı da həmin dövrə aid əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay götürülməklə hesablanacaq.
2019-cu ildə əmək pensiyası hüququ yaranacaq şəxslərdən 30 faizinə isə pensiya təyinatının avtomatlaşdırılmış qaydada aparılması şamil olunmayacaq. Həmin şəxslərin sırasına 2006-cı ildən 2018-ci il iyulun 1-dək fərdi hesabında heç bir pensiya kapitalı qeydə alınmayanlar, dövlət qulluqçuları, hərbi qulluqçular, xüsusi rütbəli şəxslər və s. kateqoriyadan olanlar daxildir.