Ədliyyə naziri yanında İctimai Komitənin üzvləri Sahib Məmmədov, Əliməmməd Nuriyev, Səadət Bənənyarlı və Rauf Zeyni bloqçu Mehman Hüseynovla görüşüblər.
Görüş yanvarın 8-i Bakı İstintaq Təcridxanasında baş tutub.
Həmin gün Mehman Hüseynova atası Rafiq Hüseynovla və bir sıra beynəlxalq təşkilatların nümayəndələri ilə də görüşlər verilib.
Əliməmməd Nuriyev Modern.az-a açıqlamasında deyib ki, Mehman Hüseynov bir müddət əvvəl aclıq aksiyası keçirsə də, hazırda tam şəkildə qidalanır: “O, qida qəbul edir, bu istiqamətdə hər hansı problemi yoxdur. Biz onunla bir saat müddətində geniş şəkildə müzakirə apardıq. Kamerasında da olduq. 4 nəfərlik kamerada özündən savayı iki nəfərlə qalır. Kamera yoldaşları ilə də heç bir problemi, narazılığı yoxdur”.
Əliməmməd Nuriyev deyib ki, Mehmanla müzakirə etdikləri bəzi məsələlər konfidensial xarakter daşıyır, buna görə də onları cəmiyyətə açıqlamırlar: “Mehman xüsusi olaraq ona qarşı sonradan qaldırılan cinayət işini ədalətli hesab etmir. Onun bu şikayəti ilə bağlı müvafiq orqanlara müraciətlərimiz olacaq. Mehman işin obyektiv araşdırılmasını xahiş edir. Biz də hesab edirik ki, iş obyektiv araşdırılmalıdır. Ümid edirik ki, bütün proseslərə qanun çərçivəsində qiymət veriləcək”.
İctimai Komitənin üzvləri təcridxanada Mehmanla birgə şəkil də çəkdiriblər və həmin şəkillər görüşdən dərhal sonra sosial şəbəkədə yayılıb. Fotolarda Mehman əsgin görünür. Əliməmməd Nuriyev bununla bağlı Modern.az-a deyib: “Bilirsiniz, nə qədər yaxşı şərait olursa olsun, insan təcridxanada mülki həyatdakı kimi olmur. Şəraitlə bağlı heç bir şikayəti yoxdur. Həkim də səhhətinə nəzarət edir.
Səhhətində bir problemi var, o da hələ azadlıqda olarkən yaranıbmış. Mehman azadlıqda olduğu müddətdə ayağında damar genişlənməsi olub. Sırf bununla bağlı narahatlığı var. Əvvəl ona əməliyyat təklif edilsə də, imtina edib. Deyir ki, azadlığa çıxandan sonra özü müalicəsi ilə məşğul olacaq”.
Rauf Zeyni də AzVision.az-a açıqlamasında Mehman Hüseynovun vəziyyətinin yaxşı olduğunu, özünü normal hiss etdiyini söyləyib: “Mehmanın saxlanma şəraiti, yemək və digər məsələlərlə bağlı narazılığı yoxdur. Səhhəti yaxşıdır. Həkim nəzarətindədir. Eyni zamanda ona vitaminli sistem tətbiq olunacaq ki, sağlamlığı bir az da qaydasına düşsün. Bizimlə bir saatdan artıq görüşdə səhhətindən şikayət etmədi”.
Rafiq Hüseynov Meydan.tv-yə bildirib ki, təcridxanada oğlu ilə bir saatdan çox söhbətləşib: “Mehman aclığı dayandırmayıb, halsız vә zәif görünürdü. Mәn ondan qida qәbul etmәsini xahiş etdim. Ona meyvә, başqa yemәklәr aldım, xahiş etdim ki, hamısını yesin. Bilmirәm mәnә qulaq asacaq, ya yox”.
Rafiq Hüseynovun sözlərinə görə, Mehman Hüseynov nәzarәtçini döymәdiyini söyləyib: “Dedi hәmin vaxt mәn orda olmamışam, başqa yerdә çay içirdim. Mehman bildirdi ki, ittihamlar uydurma vә yalandır”.
Mehman Hüseynov 2017-ci il martın 3-dən həbsdədir. O, polisə ağır cinayət ittihamı ilə böhtan atmaqda təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum olunub.
2018-ci il dekabrın 26-da ona hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə ittihamı ilə yeni cinayət işi açılıb. Bu ittiham 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Rəsmi məlumata görə, 14 saylı Cəzaçəkmə Müəssisəsində aparılan axtarış-baxış tədbirləri zamanı Mehman Hüseynov müəssisənin rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Abdalov Əli Ələddin oğlunun qanuni tələblərinə tabe olmayaraq ona zor tətbiq edib, fiziki müqavimət göstərərək bədən xəsarəti yetirib, xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb.
Yeni cinayət işinin istintaqı ilə əlaqədar Mehman Hüseynov 14 saylı Cəzaçəkmə Müəssisəsindən Bakı İstintaq Təcridxanasına köçürülüb.