Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov Report.az-a açıqlamasında məhbus bloqçu Mehman Hüseynovun aclıq aksiyası keçirmədiyini bəyan edib.
Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum olunub. O, polisə ağır cinayət ittihamı ilə böhtan atmaqda təqsirli bilinib.
2018-ci il dekabrın 26-da ona yeni cinayət işi açılıb. Penitensiar Xidmətin rəsmi məlumatına görə, həmin gün 14 saylı Cəzaçəkmə Müəssisəsində aparılan axtarış-baxış tədbirləri zamanı Mehman Hüseynov müəssisənin rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Əli Abdalovun qanuni tələblərinə tabe olmayaraq ona zor tətbiq edib, fiziki müqavimət göstərərək bədən xəsarəti yetirib, xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb. Rəsmi məlumatda qeyd olunur ki, Əli Abdalova tibbi yardım göstərilməsi üçün müəssisəyə təcili həkim briqadası çağırılıb, Mehman Hüseynovda saxlanması qadağan olan 461 manat məbləğində pul aşkar edilərək götürülüb. Cinayət Məcəlləsinin 315.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) ilə cinayət işinə başlanıb. Bu maddə 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Müdafiəçiləri hazırda Bakı İstintaq Təcridxanasında saxlanan Mehman Hüseynovun aclıq aksiyası keçirdiyini bildirirlər.
Yanvarın 7-də Report.az-ın sorğusunu cavablandıran Penitensiar Xidmətin sözçüsü Mehman Sadıqov deyib ki, Mehman Hüseynov çörək də yeyir, su da içir, vəkili ilə də görüşür, ailə üzvləri ilə telefonla da danışır: “Onun heç bir problemi yoxdur. Bilirsiniz ki, səhhətində problem olan istənilən şəxslə bağlı dərhal reaksiya verilir, həkim müdaxiləsi olur. Amma onunla bağlı belə bir şeyə ehtiyac olmayıb, çünki aclıq aksiyası keçirmir”.
Mehman Sadıqovun sözlərinə görə, məhbus bloqçu cəmi bir günlük aclıq aksiyası keçirib: “Aclıq aksiyası elan etmişdi, səhəri gün yemək yeməyə başladı. Bununla bağlı akt da tərtib olunub, özü də akta imza atıb”.
Yanvarın 4-ü Bakı İstintaq Təcridxanasında Mehman Hüseynovla keçirdiyi görüşdən sonra vəkil Şəhla Hümbətova “Amerikanın səsi”nə deyib ki, bloqçu çox zəifləyib, aclıqdan səhhətində problemlər baş qaldırıb, xaricdə yaşayan qardaşı Emin Hüseynovun və təcridxanada onu müayinə edən həkimin təkidi ilə son günlər az-az su içməyə başlayıb, amma hələ də yemək yemir, aclıq aksiyasını davam etdirir.
Vəkilin bildirdiyinə görə, Mehman Hüseynov ötən il dekabrın 28-də ölkə prezidentinə, birinci vitse-prezidentə, baş prokurora, ombudsmana məlumat xarakterli müraciətlər edib: “Müraciətlərində yazıb ki, ona böhtan atılır, haqsızlığın qarşısı alınmasa quru aclığa başlayır, bunun məsuliyyəti isə onların üzərində qalır. Lakin bu günədək Mehmanın müraciətlərinə cavab verilməyib. Ombudsman da ona baş çəkməyib. Mehmanı yalnız təcridxana rəhbərliyi nəzarətə götürüb, həkim ayrılıb, onu hər gün həkim yoxlayır”.
Mehman Hüseynovun 26 yaşı var. Onun böyük qardaşı, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri Emin Hüseynova qarşı 2014-cü ildə qanunsuz sahibkarlıq, vergi ödəməkdən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə cinayət işi qaldırılıb. Emin Hüseynov İsveçrənin Bakıdakı səfirliyinə sığınıb, 2015-ci ildə həmin ölkəyə aparılıb.