Natiq Cəfərli,
Respublikaçı Alternativ Partiyasının icra katibi
İmic – hər hansı bir anlayış (ölkə, insan, cəmiyyət, şirkət və s.) haqqında formalaşmış fikirlər və alqılar məcmusudur. İmic yaradılması və formalaşdırılması istənilən marketinq və piar strategiyasının əsas elementi, mərkəzində duran anlayışdır. İmic həm ciddi qazandıra, həm də böyük maliyyə itkilərinə səbəb ola bilər.
İstənilən investor hər hansı bir ölkəyə yatırım etmək istəyərkən ya özü, ya da müqavilə bağladığı konsaltinq şirkəti (və ya şəxs olaraq konsultant) ilk olaraq həmin ölkə haqqında məlumatlar toplayır, bazarı, “oyun qaydalarını”, qanunvericilik bazasını öyrənir. Bunun üçün ilk olaraq dünya mediasında ölkə haqqında çıxan məlumatların kontent analizi aparılır. Media analizi istənilən konsaltinq işinin əsas elementlərindən biridir. Toplanan məlumatlar analiz olunur, üzərinə qanunvericilik və bazarın öyrənilməsi əlavə edilir, nəticədə yatırım edib-etməmə qərarı verilir.
Düşünün ki, Azərbaycana yatırım etmək istəyən investor bu sxem üzrə məlumat toplayır. Söhbət real sektordan, yəni qeyri-neft sektorundan gedir, çünki enerji sektorunda “oyun qaydaları” başqadır, müqavilələr konstitusiyaya bərabər gücə malikdir, onları heç bir hökumət poza bilməz. Beləliklə, hər hansı bir Con, ya Mişel, ya Hans məlumat toplamağa başlayır və məlum olur ki, dünya mediası və yerli qaynaqlar (konsaltinqdə mütləq yerli ekspertlər iştirak edirlər) Azərbaycan haqqında ən çox insan haqlarının pozulması; seçki saxtakarlığı; qanunların şah deyil, şahın qanun olması; Vergi Məcəlləsinə tez-tez dəyişikliklər edilməsi; ölkənin Dünya Ticarət Təşkilatına üzv olmaması; gömrüklə bağlı ciddi problemlərin yaşanması; inhisarçılıqla bağlı problemlərin olması; siyasi həbslərin, siyasi məhbusların mövcudluğu; ölkədə məhkəmə hakimiyyətinin müstəqil olmaması; iqtisadiyyatın böyük bir hissəsinin “kölgədə” olması tipli məlumatlar üzə çıxır. Con, Mişel, Hans dərhal bölgədə başqa alternativlər axtarmağa başlayır, Azərbaycana yatırım etmək fikrindən vaz keçir. Halbuki Azərbaycanda normal, ədalətli, rəqabətli, qanunların işlək olduğu bir sistem qurulsaydı, həmin xarici investorlar məmləkətimizi Orta Asiya və Rusiya, İran və İraq bazarına açılan qapı kimi düşünə, burada ciddi yatırımlar edib həmin ölkələrə çıxış əldə etməyə çalışardılar. Beləliklə, Azərbaycan 400 milyon əhalisi olan bir regiona qapı rolunu oynaya bilərdi, bu isə ölkəyə milyardlarla vəsait cəlb edə, yüz minlərlə real iş yeri yarada bilərdi. Əgər son 20 ildə ədalətli dövlət qura bilsəydik indi adambaşına düşən ümumi daxili məhsul 20 min dollara, orta aylıq maaş 1500 dollara, orta pensiya 500 dollara çata bilərdi.
Amma indi ölkənin imici bərbad gündədir Deməyin ki, indiki hökumətə imic məsələsi lazım deyil – lazım olmasaydı “Avroviziya”, Avropa Oyunları, İslam Oyunları kimi mənasız və məzmunsuz yarışlara milyardlarla vəsait xərcləməzdilər. Sadəcə həmin vəsait paralel olaraq ölkənin ədalətləşməsi ilə birgə olsaydı, xərclənən milyardlar yel olub uçmazdı.
İmic çox vacib amildir, imic pul, pul rifah, rifah isə azadlıqların genişlənməsi deməkdir. Qərar verən müəllimlər bu haqda düşünsələr yaxşı olar, amma onların düşünmə qabiliyyətləri kresloları ilə diffuziya əlaqəsinə girərkən zədələnib, ona görə də hamımızı bu haqda düşünməyə çağırıram. Düşünün xanımlar və cənablar, düşünmək təhlükəli deyil.