Bakı Araşdırmalar İnstitutu bank sektorunun 2018-ci ilin yanvar-sentyabr ayları üzrə vəziyyətini araşdırıb. Novator.az bildirir ki, hesabata görə, 2018-ci ilin 9 ayı Azərbaycanın bank sektorunda nisbi sabitlik və göstəricilərin cüzi yaxşılaşması ilə yadda qalıb: “Bank sektorunda ümumi tendensiya kapital çatışmazlığının aradan qaldırılması, kredit qoyuluşunda müəyyən canlanma, əmanətlər üzrə faiz dərəcələrinin azalması, banklarda izafi likvidliyin artımı və bankların alternativ gəlir mənbələrinə üstünlük vermələri istiqamətində olub.
2017-ci ildən başlayaraq bank sektorunda səngiyən təmərküzləşmə tendensiyası 2018-ci ildə yenidən artım meyli nümayiş etdirib. 2013-2016-cı illər ərzində bank sektorunda 5 bankın bazar payı 55%-dən 68,2%-ə yüksəldiyi halda 2017-ci ildə 65,2%-ə düşüb, 2018-ci ilin 9 ayında isə cüzi artımla 65,3%-ə yüksəlib.
Ölkənin ən böyük bankı olan Azərbaycan Beynəlxalq Bankının aktivlərinin həcmi və bazar payı azalmaqda davam edib. Hesabat ilində bankın aktivləri 4,3% və ya 374,8 milyon manat azalıb, bankın bazar payı isə 31,1%-dən 28,5%-ə düşüb.
İkinci ən böyük bank olan “Paşa Bank” aktivlərini 22% artırmağa, bazar payını 12,7%-dən 14,8%-ə yüksəltməyə müvəffəq olub.
Aktivlərinin həcminə görə növbəti yerləri bölüşən “Kapital Bank” bazar payını 6,5%-dən 6,6%-ə, “Xalq” bankı 6,5%-dən 6,6%-ə artıra bilib, Azərbaycan Sənaye Bankının bazar payı (3,4%) sabit qalıb.
Bankların aktivlərində son illər müşahidə edilən azalma 2018-ci ilin 9 ayında artımla əvəz olunub. Maliyyə Bazarlarına Nəzarət Palatasının statistikasının təhlili göstərir ki, bu müddətdə bankların aktivləri 4,6% artaraq 27,92 milyard manatdan 29,2 milyard manata qalxıb. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə artım 11,6% olub.
Bankların cəmi kapitalı 2018-ci ilin 9 ayı ərzində 10,9% artaraq 3,71 milyard manatdan 4,11 milyard manata çatıb. Bu artım nəticəsində bankların aktivlərində kapitalın payı 13,3%-dən 14,1%-ə yüksəlib.
Kapitalın əsas artımı “Bank Respublika”da (46,7%), “Bank VTB”də (36,5%), Azərbaycan Beynəlxalq Bankında (35%), “Unibank” ASC-də (33,5%), indiki “Premium Bank”da (24,6%) baş verib.
Ancaq “Amrahbank” (28,5%), “Accessbank” (18,7%), “AGBank” (10,9%), “Nikoilbank” (7,6%) və digər banklarda azalma qeydə alınıb.
Kredit qoyuluşunun artımı özəl bankların, xüsusilə də yerli kapitala malik özəl bankların hesabına baş verib. Dövlət mülkiyyətini təmsil edən Azərbaycan Beynəlxalq Bankı və “Azər-Türk Bank”ın birgə kredit qoyuluşunun həcmi ötən ilin yanvar-sentyabr aylarında 3% azalaraq 1 milyard 916,2 milyon manatdan 1 milyard 858,8 milyon manata düşüb. Bu müddətdə özəl bankların kreditləşməsi 6,6% artaraq 9 milyard 421,4 milyon manatdan 10 milyard 42,6 milyon manata çatıb.
2018-ci ilin yanvar-sentyabr aylarında ticarət və xidmət sektoru üzrə kreditləşmə 0,4%, sənaye və istehsal sektoru üzrə 9,1%, nəqliyyat və rabitə sektoru üzrə 14,4%, kənd təsərrüfatı və emal sektoru üzrə 8,1%, istehlak kreditləşməsi üzrə 9,7% artım qeydə alınıb. Bu dövrdə inşaat və əmlak sektoru üzrə 29% azalma olub.
İstehlak kreditlərinin payının 2014-cü ildən başlayaraq azalması tendensiyası son dövrlər yenidən artımla əvəz olunmağa başlayıb. İlin əvvəli ilə müqayisədə cəmi kreditlərdə istehlak kreditlərinin payı 39,2%-dən 41,1%-ə yüksəlib. Bu müddətdə ticarət və xidmət sektorunun payı 17,6%-dən 16,9%-ə, inşaat və əmlak sektorunun payı 4,6%-dən 3,2%-ə düşüb. Kənd təsərrüfatı sektorunun payı 3,7%-dən 3,8%-ə, sənaye və istehsal sektorunun payı 5,3%-dən 5,5%-ə, nəqliyyat və rabitə sektorunun payı 9,6%-dən 10,5%-ə yüksəlib.
Kreditlərin valyuta strukturu göstərir ki, xarici valyutadan fərqli olaraq milli valyutada kredit qoyuluşunda artım müşahidə edilib. Milli valyutada kredit qoyuluşu 2018-ci ilin 9 ayında 8,7% artaraq 7 milyard 557,2 milyon manat təşkil edib. Buna baxmayaraq manat kreditlərin həcmi 2011-ci ildən bəri ən aşağı həddə olub. Xarici valyutada olan kreditlərin həcmi isə bu müddətdə 1,2% azalaraq 4 milyard 745,2 milyon manata düşüb.
Banklar qısamüddətli kreditləşməyə daha çox üstünlük veriblər. Ötən ilin yanvar-sentyabr aylarında valyuta strukturundan asılı olmayaraq qısamüddətli kreditlərin həcmi 17,2%, uzunmüddətli kreditlərin həcmi isə cəmi 1,9% artıb.
Milli valyutada olan kreditlərin ölkə üzrə faiz dərəcəsi 14,2% olduğu halda bu hədd Bakıda 12%-ə bərabərdir. Regionlarda isə (Naxçıvan Muxtar Respublikası istisnadır) manat kreditləri üçün illik faiz dərəcəsi 16-25% arasında dəyişir.
Vaxtı keçmiş kreditlər artmaqda davam edib. Mərkəzi Bankın rəsmi məlumatına görə, cəmi kreditlərdə problemli kreditlərin payı ötən ilin 9 ayı ərzində 13,8%-dən 14,2%-ə yüksəlib. Vaxtı keçmiş kreditlərin həcmi yanvar-sentyabr aylarında 122 milyon manat və ya 7,5% artaraq 1 milyard 626,7 milyon manatdan 1 milyard 748,7 milyon manata çatıb. Artımın 31%-i milli, 69%-i xarici valyutanın payına düşüb.
2015-2017-ci illərdə depozit bazarında müşahidə edilən kiçilmə 2018-ci ildə yenidən böyümə meyli ilə əvəzlənib. Ötən ilin 9 ayında ölkə üzrə ümumi depozit qoyuluşu 4,8% artaraq 21,6 milyard manata yüksəlib”.