İqtisadçı Qubad İbadoğlu “Facebook” səhifəsində Azərbaycanın gözlənilən pensiya ödənişi müddəti sarıdan geridə qaldığını vurğulayır. Novator.az-ın məlumatına görə, ekspert yazır ki, Belarusda orta ömür uzunluğu 74 il, gözlənilən pensiya ödənişi müddəti 14 ildir.
O, Ermənistanda orta ömür uzunluğunu 75 il, gözlənilən pensiya ödənişi müddətini 12 il; Rusiya və Ukraynada orta ömür uzunluğunu 71 il, gözlənilən pensiya ödənişi müddətini 11 il; Moldovada orta ömür uzunluğunu 72 il, gözlənilən pensiya ödənişi müddətini 10 il göstərir.
Qubad İbadoğlunun təqdim etdiyi statistikaya əsasən, Gürcüstanda orta ömür uzunluğu 75 il, gözlənilən pensiya ödənişi müddəti 10 il; Qazaxıstanda orta ömür uzunluğu 72 il, gözlənilən pensiya ödənişi müddəti 9 il; Qırğızıstanda orta ömür uzunluğu 71 il, gözlənilən pensiya ödənişi müddəti 8 il; Özbəkistanda orta ömür uzunluğu 68 il, gözlənilən pensiya ödənişi müddəti 8 il; Azərbaycanda orta ömür uzunluğu 71 il, gözlənilən pensiya ödənişi müddəti 7,5 il; Tacikistanda orta ömür uzunluğu 70 il, gözlənilən pensiya ödənişi müddəti 7 ildir.
Ekspert gözlənilən pensiya ödənişi müddətinin İsveçrədə 18 il, Yaponiyada 17 il, Fransada 16 il olduğunu əlavə edir.
2017-ci il iyulun 1-dək Azərbaycanda kişilər 63, qadınlar 60 yaşda pensiyaya çıxırdı. Həmin vaxtdan bəri yaş həddi artırılır. 2021-ci il iyulun 1-dək kişilərin, 2027-ci il iyulun 1-dək qadınların pensiya yaşı 65-ə çatacaq.
İqtisadçı yazır ki, Azərbaycanda vəfat edənlərin 30,72 faizi 60 yaşa çatmamış şəxslərdir: “Dövlət Statistika Komitəsinin məlumatına görə, 2017-ci ildə bu göstərici kişilər arasında 38,27 faiz, qadınlar arasında 22,11 faiz, kənd yerlərində 27,41 faiz, şəhərdə 33,47 faiz olub. Hesablamalara əsasən, pensiya yaşı 65-ə çatanda Azərbaycan əhalisinin hər 5 nəfərindən 2-si pensiya almadan dünyasını dəyişəcək”.
Qubad İbadoğlu bildirir ki, 2019-cu ildə Azərbaycanda orta aylıq pensiyanın 240 manat və ya 141 dollar olacağı gözlənir: “Ötən il orta aylıq pensiya Qazaxıstanda 240 dollar, Rusiyada 209 dollar, Belarusda 181 dollar, Gürcüstanda 145 dollar olub”.