Prezident İlham Əliyev yol hərəkətinin təhlükəsizliyi proqramını təsdiqləyib. 2019-2023-cü illəri əhatə edən dövlət proqramının icrası Nazirlər Kabinetinə (mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə) tapşırılıb.
Novator.az-ın məlumatına görə, sənəddə qeyd olunur ki, 2013-2017-ci illərdə Azərbaycanda 11600 yol-nəqliyyat hadisəsi baş verib: “Bu hadisələr nəticəsində ölənlərin sayı 4691 nəfər, sağlamlığına ağır və ya az ağır zərər dəymiş şəxslərin sayı isə 11611 nəfər olub, o cümlədən yetkinlik yaşına çatmayan 399 nəfər həyatını itirib, 1219 nəfərin isə sağlamlığına ağır və ya az ağır zərər vurulub. Ümumilikdə 2013-2017-ci illərdə yol-nəqliyyat hadisələri nəticəsində ölən və sağlamlığına ağır və ya az ağır zərər vurulmuş şəxslərin sayı 16302 nəfər olub.
Yol-nəqliyyat hadisələrində ölənlərin 68,6 faizini, sağlamlığına ağır və ya az ağır zərər vurulmuş şəxslərin isə 68,7 faizini əhalinin 25-64 yaş arasında olan hissəsi təşkil edir, bu da bilavasitə aktiv əmək yaşında olan insanlar deməkdir. Sağlamlığına ağır və ya az ağır zərər vurulmuş şəxslərin 16,4 faizini, ölənlərin isə 12,3 faizini 18-24 yaş arasında olan şəxslər təşkil edib”.
Proqramın əsas məqsədinin yol-nəqliyyat hadisələrinin, xüsusilə də ölümlə və sağlamlığa zərər vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin sayının, habelə ölkə iqtisadiyyatına və ekologiyasına dəyən ziyanın həcminin azaldılması üçün zəruri tədbirlər görmək olduğu vurğulanır.
Təhlükəsiz yol hərəkəti sistemini yaratmaq üçün bu məqsədlər nəzərdə tutulub: yol hərəkətinin təhlükəsizliyi sahəsində idarəetmənin təkmilləşdirilməsi; səmərəli maliyyə sisteminin yaradılması; müasir innovativ metodların tətbiq edilməsi; yol hərəkətinin bütün iştirakçılarının səmərəli, təhlükəsiz və rahat hərəkətini təmin edən müvafiq mobillik strategiyasının hazırlanması; yol-nəqliyyat sisteminin təminatçılarının və yol hərəkəti iştirakçılarının hüquq və vəzifələrinin, onların məsuliyyət hədlərinin dəqiq müəyyən edilməsi; qəza təhlükəsi zamanı və qəzadan sonrakı xilasetmə, təcili və təxirəsalınmaz tibbi yardım fəaliyyətinin əlaqələndirilməsi və təkmilləşdirilməsi; ictimai iştirakçılığın təmin edilməsi; maarifləndirmə, təbliğat və təşviqat işinin təkmilləşdirilməsi; yol hərəkəti və nəqliyyatdan istifadə mədəniyyətinin artırılması.
Proqramda müəyyən edilmiş tədbirlərin həyata keçirilməsi nəticəsində 2023-cü ilin sonunadək yol-nəqliyyat hadisələrində ölüm sayının 30 faiz azaldılması; yol-nəqliyyat hadisələrində sağlamlığına ağır və ya az ağır zərər vurulan şəxslərin sayının 30 faiz azaldılması; yol-nəqliyyat hadisələrinin ümumi sayının 30 faiz azaldılması; yol-nəqliyyat hadisələrində uşaq ölümü hallarının 50 faiz azaldılması nəzərdə tutulur.