Bakıda həbs olunan Azad Həsənovun həyat yoldaşı Təranə Həsənova Avropa şəhərlərini gəzərək təkbaşına askiya keçirir.
Azad Həsənov 2003-cü ildən Müsavat Partiyasının üzvüdür. 2014-cü ilin fevralında o, Azərbaycandan mühacirət edib və ailəsi ilə birgə Litvadan siyasi sığınacaq alıb. O vaxtdan Litvada yaşayan Azad Həsənov 2018-ci il oktyabrın 10-da ağır xəstə olan atasına baş çəkmək üçün Azərbaycana gəlib. Həmin gün Bakıda tutulub, oktyabrın 12-də Xətai Rayon Məhkəməsi onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.
Azad Həsənov Cinayət Məcəlləsinin 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham olunur. İttiham məhkəmədə sübuta yetirilərsə, onu əmlakı müsadirə edilməklə 5 ildən 12 ilədək həbs gözləyir.
Müsavat Partiyası bu həbsi hakimiyyətin qisasçılıq və repressiya siyasətinin tərkib hissəsi kimi qiymətləndirir.
Meydan.tv xəbər verir ki, Təranə Həsənova Avropanın müxtəlif şəhərlərində Azad Həsənovun şəklini qaldıraraq Azərbaycanda siyasi məhbus hesab olunan şəxslərin problemlərinə diqqət yönəldir.
Meydan.tv-yə açıqlamasında Təranə Həsənova həyat yoldaşının həbsinin siyasi sifariş olduğunu vurğulayıb. O qeyd edib ki, Azad Həsənov mühacirətə qədər də, mühacirətdə olduğu illərdə də siyasi fəallıq göstərib, siyasi məhbuslara və onların ailələrinə dəstək verib. Bu baxımdan Təranə Həsənova Azad Həsənovun hər zaman Azərbaycan hakimiyyəti üçün təhlükə olduğunu söyləyib.
Xanımı bildirib ki, Azad Həsənovun yaxın zamanda azadlığa buraxılacağına inanmır.