Bəkir Nərimanoğlu
Azərbaycanda sahibkarların ən çox şikayət etdiyi problemlərdən biri rahat və ucuz maliyyəyə çıxış imkanı yönündədir. Onların üz tutduğu bank kreditləri istər faiz, istər sənədləşmə baxımından uğurlu deyil. Bank şərtləri ağır, faiz dərəcələri yüksəkdir.
Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun 500 kiçik sahibkarlıq subyekti arasında keçirdiyi rəy sorğusunun nəticələri bu sahədə problemlərə işıq salır.
Sorğudan bəlli olur ki, sahibkarların 84,6%-i maliyyə ehtiyaclarını təmin etmək üçün banklara müraciət edib.
13,8% dost-tanışın imkanından istifadə etməyə üstünlük verib.
Respondentlərin 1,6%-i maliyyə problemlərini öz imkanları hesabına həll etməyi düzgün sayıb.
Sahibkarların 71,2%-i illik faiz dərəcələrinin yüksəkliyindən, 15,4%-i zamin tələb olunmasından, 8,5%-i çoxlu sənəd istənməsindən, 2,4%-i girovun düzgün qiymətləndirilməməsindən, 2,2%-i kreditləri qaytarmağa az müddət qoyulmasından, 0,1%-i krediti vaxtında almağın mümkün olmamasından, bir o qədəri də milli valyutada kredit almağın mümkünsüzlüyündən gileylənib.
Azərbaycanda kiçik və orta biznesin ölkə iqtisadiyyatında rolu arzulanan səviyyədə deyil. İqtisadiyyatın formalaşmasında neftin hökmran mövqeyi qeyri-neft sektorunun inkişafını, o cümlədən kiçik və orta sahibkarlığın inkişafını ləngidir.
Kiçik və orta sahibkarlığın inkişafını əngəlləyən amillərdən biri də biznesin maliyyə resurslarına əlçatanlığının zəif olmasıdır. İqtisadçı ekspert Samir Əliyev deyir ki, Azərbaycanda kiçik və orta müəssisələrin sayı getdikcə artsa da, onların ölkə iqtisadiyyatına töhfəsi əhəmiyyətli dərəcədə deyil: “Onların inkişafını əngəlləyən amillərdən biri də maliyyə resurslarına əlçatanlığın zəif olmasıdır. Ölkədə biznes mühitini qiymətləndirən beynəlxalq qurumlar və yerli təşkilatlar kiçik və orta sahibkarlıq subyektlərinin öz bizneslərini inkişaf etdirmək üçün tələb olunan maliyyə resursunu cəlb etməkdə çətinlik çəkdiklərini vurğulayır. Sahibkarların bir qismi maliyyə tələbatını daha çox daxili imkanlar hesabına həll etməyə çalışsa da, xarici mənbələrə müraciət edənlər də az deyil”.
Ekspert əlavə edir ki, Azərbaycanda fəaliyyət göstərən kiçik və orta müəssisələr dünyada geniş yayılmış maliyyələşmə mənbələrindən əsasən bank kreditlərinə üstünlük verirlər: “Ancaq kredit faizlərinin yüksək olması, tələb olunan məbləğin əldə edilməsinin çətinliyi və güzəşt müddətlərinin az olması kiçik və orta sahibkarların bu resurslara əlçatanlığını zəiflədir. Alternativ mənbə olan qiymətli kağızlar bazarından maliyyə cəlb etmək təcrübəsi isə kiçik və orta müəssisələrdə yox dərəcəsindədir”.
İqtisadçı hesab edir ki, Azərbaycanda qiymətli kağızlar bazarının inkişaf etdirilməsi və kiçik və orta sahibkarların bazara çıxışını stimullaşdırmaq üçün qanunvericilik bazası təkmilləşdirilməlidir: “Hökumət kiçik biznesin dəstəklənməsi üçün mikromaliyyələşmə proqramı həyata keçirməli, françayzinq, faktorinq, lizinq kimi xidmətlərin geniş vüsət alması üçün güzəştlər sisteminin və normativ aktların hazırlanmasını təmin etməlidir”.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyir ki, yerli müəssisələrin qiymətli kağızlar bazarında az görünməsinin əsas səbəbi əsasən özəl sektorda korporativ idarəetmənin zəif inkişafı ilə bağlıdır: “Korporativ idarəetmənin formalaşmaması şirkətlərin əksəriyyətinə alternativ vəsaitlərin cəlb edilməsi üçün ciddi maneədir. Şirkətlərin əksəriyyətinin qiymətli kağızlarla işləmək ənənəsinin yoxluğu onların bazara daxil olmasına imkan vermir. Həm də şirkətlərin əksəriyyəti uzunmüddətli dövr üçün borclanmaqda maraqlı olmadıqları üçün qiymətli kağızlar bazarına daxil olmağa meylli deyillər. Baxmayaraq ki, kreditlərin yüksək faizlə təklif edildiyi Azərbaycanda ucuz vəsaitlərin cəlb edilməsi və biznesin genişləndirilməsi üçün istiqraz buraxılması əsas yollardan biridir”.
Ekspertlər bildirir ki, kapital bazarları vasitəsilə maliyyə cəlb etmələri üçün biznes sektorunun məlumatlandırılmasına, o cümlədən fond bazarının inkişafına ehtiyac var. Hazırda beynəlxalq təcrübədə olduğu kimi Azərbaycanda da kiçik və orta sahibkarların inkişafına, o cümlədən maliyyələşməsinə dövlət dəstəyini təmin edən bir sıra təsisat fəaliyyət göstərir:
Sahibkarlığın İnkişafı Fondu
Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu
Azərbaycan İnvestisiya Şirkəti.
Bu qurumların verdikləri kredit resursları dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına təmin edilir. Eyni zamanda bu təsisatların verdikləri kreditlər güzəştli kateqoriyasına malikdir və bazar səviyyəsindən dəfələrlə ucuzdur.
Yazı ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəklədiyi və Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun həyata keçirdiyi “Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək” layihəsi çərçivəsində hazırlanıb.