Qaban ilinin şahidləri
- 13 Dekabr 2018
- comments
- Novator.az
- Posted in AktualManşetŞərh
2019-cu il qaban ilidir. Novator.az tanınmış şəxslərdən yaxın keçmişin qaban illərini (1971, 1983, 1995, 2007-ci illər) nələrlə yadda saxladıqlarını və 2019-ci ildən nə gözlədiklərini soruşub.
Firudin Qurbansoy, yazıçı, astroloq:
– Mən 1959-cu ili də xatırlayıram. 5 yaşım vardı, çox arzulayırdım məktəbə gedəm.
1971-ci ildə Bakıda 161 saylı orta məktəbi bitirmişəm. Həmin il indiki Bakı Dövlət Universitetinə girməyə balım çatmadı, ancaq sonralar düz 5 il həmin təhsil ocağında müəllim işlədim.
İnsanların böyük əksəriyyəti qaban ilində yer adamı olur, ruhaniyyət məsələləri arxa plana keçir. Qaban ili həm də insanın ağlı ilə deyil, hissləri ilə yaşaması, həmçinin dönməzliyi ilə yadda qalır.
İnsan imanlı, ağıllı və məqsədyönlü olmalı, düşünməyi bacarmalıdır. Onda qaban ili də uğur gətirər.
Ömür vəfa eləsə, 2019-cu ildə bir neçə monoqrafiya və bədii əsər çap etdirmək istəyindəyəm.
Rövşən Binnətli, jurnalist:
– 1971-ci ildə orta məktəbdə oxuyurdum – 5-ci sinfin sonu, 6-cı sinfin əvvəli. Həmin il Ağdamda yeni aldığımız evin təmiri ilə yadımda qalıb. Atam təzə evə köçməyə çox tələsirdi. Bunun səbəbini yalnız sonralar – özüm evsiz olanda dərk etdim.
Daha bir məqam futbolla bağlıdır. SSRİ çempionatının güclülər dəstəsində çıxış edən “Neftçi” Daşkənddə “Paxtakor”a 3:2 hesabı ilə qalib gəlsə də, SSRİ Futbol Federasiyası bəhanə gətirib nəticənin ləğvi barədə qərar çıxardı. Təkrar oyunda isə Özbəkistan futbolçuları üstün oldu – 2:0.
1983-cü il SSRİ-də əmək rejiminin sərtləşməsi ilə yadımda qalıb. Bir rayondan digərinə gedəndə, xüsusilə paytaxta gəldikdə gəlişinin səbəbini təsdiq edən sənəd təqdim etməliydin. Səfərin səbəbi əsaslı sayılmadıqda əlavə araşdırmalar aparılırdı.
Komsomol işində olduğumdan siyasi proseslərə daha çox vaxt ayırırdım. Bu mənada 1983-ü “Bibliya ili” elan edən ABŞ prezidenti Ronald Reyqanın vətən saydığımız SSRİ-ni “Şər imperiyası” adlandırması heysiyyətimizə toxunmuşdu.
1995-ci il ağır il idi. Məcburi köçkünlüyün gətirdiyi acılar həyatın bütün şirinliyini aparmış, rənglərini solğunlaşdırmışdı. Yaddaşımda əbədilik qazanan hadisə xatırlamıram.
Sevə-sevə, məmnuniyyətlə şərh etdiyim idman növlərindən biri də bədii gimnastikadır. 2007-ci ildə Avropa çempionatı Bakıda keçirilirdi. Açılış mərasimi fantastik dərəcədə gözəl alınmışdı. İştirakçılar bir anda özlərini nağıllar aləmində hiss edirdilər. O vaxt “Lider TV”də işləyirdim və çempionatı yayımladığımızdan proseslərə çox yaxın idim. İplə hərəkətlərdə Aliyə Qarayeva mükəmməl kompozisiya təqdim etdi. Amma bunun çempionluq çıxışı olacağını heç düşünmürdüm. Çıxışa hakimlərin qiyməti açıqlandı və gözlərimə, eşitdiklərimə inanmadım – Azərbaycan gimnastı iplə hərəkətlərdə qitənin ən güclüsü adını qazanmışdı! Tarixi qalibiyyətin gətirdiyi sevinc, qürur hisslərimi heç indi də dolğun şəkildə ifadə edə bilmirəm. 11 il əvvəl də ürəyimdən keçənləri tamaşaçıya tam istədiyim kimi ötürə bilməmişdim…
İradə Tuncay, yazıçı-publisist:
– Özüm qaban ilində, 1959-da anadan olmuşam. Bir oğlum da qaban ilində – 1983-də dünyaya gəlib.
Digər illərlə bağlı bölüşəsi elə bir xatirəm yoxdur, 2019-cu ildən isə ümid gözləyirəm.
Güllü Yoloğlu, alim:
– Uşaqlıq illərimiz yaddaşımıza daşa həkk olunmuş kimi yazılır. O illərdə baş verənlər, gördüyümüz, eşitdiyimiz çox şey yadımızda qalır.
Sonrakı illərimiz, aylarımız isə bir-birinə bənzəyir. Arada maraqlı, sevindirici, kədərli illər, aylar, günlər olsa da, ümumi götürəndə elə də yadda qalmır. Elə bil get-gedə yaddaşımızın uşaqlıq illəri daha da qabarır, açılır. Bəlli bir yaşdan sonra isə bizi təqib edir…
12 heyvan üzərində qurulmuş qədim türk təqvimi ilə çox maraqlanıram. Digər təqvimlərə də nəzər salmağı unutmuram.
Əlbəttə, ötən ilin hesabatını özümə verib yeni ilə ümidlə baxıram hər kəs kimi. Ancaq bunun nədən ibarət olduğunu dəqiq deyə bilmirəm. Təbii ki, hər şeyin başında can sağlığı durur. Əsas can sağlığıdır. Can sağ olandan sonra hər kəs bu dünyada qabiliyyəti çərçivəsində özünə yer tutacaq.
Afaq Vasifqızı, jurnalist:
– 1971-ci il yadımda 1 may nümayişi ilə qalıb. Zəhmətkeşlərin Beynəlxalq Həmrəyliyi Günü qeyd olunurdu. Məktəbə getmirdim hələ. Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda elmi işçi olan atam nümayişə məni də aparmışdı və bu, həyatımdakı ilk izdiham idi. Şarlar, plakatlar, bayraqlar, hamı şən idi, şən və sabaha ümidli…
1983-cü ildə indiki Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində oxuyurdum. Ən gözəl illər idi tələbəlik. Jurnalistikanı gözəl-gözəl imzalardan öyrənirdik. Qarşıda bütöv bir ömür vardı – özünə inamlı və sabaha ümidli…
1995-ci ildə dövrün ən populyar qəzetində – “Azadıq” qəzetində çalışırdım. Mədəniyyət yazarı idim. Dövrün ən maraqlı simaları, ziyalılar bizim, mətbuatın yanındaydılar – Niyazi Mehdi, Vaqif Bayatlı, Vaqif İbrahimoğlu, Nəriman Qasımoğlu, Hikmət Hacızadə, Cavanşir Quliyev, daha kimlər, kimlər… Dövlət başçısından tutmuş adi məmura qədər hər kəs bizi oxuyurdu. Mətbuat adi kağız parçası deyildi, həqiqətən dördüncü hakimiyyət idi. Məqsədimiz Nəcəf Nəcəfovun əsasını qoyduğu qəzeti öndə saxlamaq idi. Bu işi bacarırdıq da.
1995-də artıq iki övladım vardı. Ana kimi də sabaha ümidli idim…
2007-ci ildə “Space” telekanalında layihə rəhbəri idim. Beş il əvvəl gəlmişdim televiziyaya və yenə də gözəl insanların əhatəsinə düşmüşdüm: Etibar Babayev, Nərgiz Cəlilova, İradə Tuncay, Nadir Bədəlov, Lalə Əliyeva, İlhamiyyə Rza. 2006-da “Space”ə yeni rəhbər təyin olundu. Bir il sonra adını çəkdiklərimdən tək Laləylə mən qaldım kanalda. Sonra biz də getdik.
“Space”dən qazandığım yaxşı televiziya təcrübəsi oldu – şef redaktor, aparıcı, baş redaktor, layihə rəhbəri. Qəzetçiliklə yanaşı jurnalistikanın bu sahəsində də özümü təsdiqləmişdim. Artıq özümə inamlı və yenə sabaha ümidli idim…
2019-un ərəfəsi. Azərbaycan Televiziyasında çalışıram. Sevdiyim işlə məşğulam. Arif Alışanovun AzTV-də yaratdığı sağlam mühit gerçəkdən ürəyimcədir. Və yenə gözəl imzaların əhatəsindəyəm. İlham Alışanov, Faiq Hüsiyev, İlham Rəhimli, Ramil Qasımov, Sevinc Mütəllibova, Nərgiz Cəlilova kimi peşəkarlar və televiziyaya yeni gəlsələr də bu işi sevən onlarla gənclər var aramızda. Mən sakitcə öz işimi görürəm – yenə mədəniyyətimizə xidmət edirəm.
Övladlarım Amerikada yaşayırlar. Qızım televiziyada müxbirdir, oğlum iş adamıdır. Və mən yenə də sabaha ümidliyəm…
Əşrəf Fəxri