Nazirlər Kabineti “Qəbiristanlıqların salınması və idarə olunması qaydaları”nı təsdiq edib.
Qaydalar qüvvəyə minənədək mövcud olan qəbiristanlıqlara şamil edilmir.
Novator.az bildirir ki, sənədə əsasən, qəbiristanlıqların və onların ətrafındakı sanitariya mühafizə zonasının əraziləri bələdiyyənin müraciətinə əsasən daşınmaz əmlakın dövlət reyestrinə daxil edilir, bu işi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi aparır. Dəfnlərin vahid dövlət reyestri Ədliyyə Nazirliyinin səlahiyyətindədir.
Yeni qəbiristanlığın salınması barədə qərar bu hallarda qəbul edilir: qəbiristanlıq köçürüldükdə; qəbiristanlıq bağlı elan edildikdə; yeni yaşayış məntəqəsi salındıqda.
Qəbiristanlıqda qəbir yerlərinin 85 faizi tutulduqda bələdiyyə yeni qəbiristanlığın salınması üçün tədbirlər həyata keçirir.
Fəxri xiyabanların, Şəhidlər xiyabanlarının və kütləvi (qardaşlıq) məzarlıqlarının salınması barədə qərarı Nazirlər Kabineti qəbul edir.
Qəbiristanlıqlar üçün ayrılan torpaq sahəsinin ölçüləri hər 1000 nəfərə (sakinə) 0,24 hektar hesabı ilə müəyyən olunur.
Qəbir yerləri yaşayış məntəqəsinin əhalisinin dini mənsubiyyətinə və milli adət və ənənələrinə uyğun olaraq seksiyalara ayrılmalıdır. Qəbir yerləri ödənişsizdir.
Qəbir yerlərinin əvvəlcədən rezervasiya edilməsinə yol verilmir. Qonşu qəbir yerinin əvvəlcədən rezervasiyası yalnız dəfn edilmiş şəxsin ərinin (arvadının) yazılı müraciəti əsasında mümkündür.
Dəfn üçün hər bir qəbir üzrə 5 kvadratmetr sahə ayrılır. Başdaşının hündürlüyü 1 metrdən və eni 0,6 metrdən artıq ola bilməz.