Qarabağ müharibəsi veteranı İlham Qasımov keçdiyi döyüş yolunun tarixçəsini və hazırkı qayğılarını oxucularla bölüşür:
– Mənim həyat fəlsəfəm torpaq və vətən anlayışından başlayır. Gənc yaşlarımda qulluq etdiyim Sovet Ordusunun millətimə xəyanəti, xalqımıza qarşı silah çevirməsi, günahsız insanları öldürməsi bütün fikirlərimi alt-üst etdi. O gündən ayrıca bir Azərbaycan sevdası yarandı mənim üçün. Çünki həmin vaxta qədər hamımızın vətəni SSRİ idi.
Sovet Ordusunda hərbi xidməti 1988-ci ildə başa vurdum. Tankçı olmuşam. Xidməti bitirib Azərbaycana qayıtdım. Vətəndə könüllü olaraq döyüş yoluna çıxanda artıq ailə qurmuşdum və 26 yaşım vardı. 1990-cı ildə Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Milis Dəstəsinə (1992-ci ildə Xüsusi Təyinatlı Polis Dəstəsi adlanan bu dəstə 1995-ci ildə ləğv edilib) yazıldım. 120 nəfər idik. Komandirimiz Əbül Rzayev idi. Sonradan Xüsusi Təyinatlı Polis Dəstəsinin rəhbəri Rövşən Cavadov oldu. Biz Naftalan-Goranboy ərazisinə yollanmışdıq.
– Yaralandığınız anı necə xatırlayırsınız?
– Əsas döyüşlərimiz Goranboy rayonunun Erkeç, Mənəş, Gülüstan, Buzluq ərazilərində oldu. Bu, “Halqa” əməliyyatından sonra ikinci belə əməliyyat idi. Elə Buzluqda ermənilər bizi tələyə salmaq istədilər. 1991-ci il iyunun 6-sı səhər saat 7-8 arası olardı. Erməni tərəfi xüsusi qurğu ilə partlayış törətməyi planlaşdırıbmış. 300-400 metr məsafəmiz olmasına baxmayaraq bizi atəşə tutdular. Bizi aparan maşından ətrafa dağılmağa məcbur olduq. “BTR”lərlə üstümüzə gəlirdilər. 2 saata yaxın davam edən döyüş vaxtı birdən bədənimdə istilik hiss etdim. Sən demə, ayağımdan və qaraciyərimdən yara almışam.
– Sizdən başqa da yaralananlar vardı?
– Hə. İki nəfəri öz gözümlə gördüm. Biri İlqar Əliyev idi. O birinin isə ancaq adı yadımda qalıb: Süleyman. Mən yaralananda onlar artıq keçinmişdilər. Oradan çıxmağıma səbəb Yura Kovalyov oldu. Maşına yerləşdiriləndən sonra isə heç nə xatırlamıram. Bir də gördüm ki, artıq Naftalanda xəstəxanadayam. İndiki kimi yadımdadır, Mehriban adlı bir xanım mənim yaşamağım üçün qan vermişdi.
– Ailəniz necə xəbər tutdu hadisədən?
– Həyətimizdə bir polis atama yaxınlaşıb deyib ki, bölməyə gəlməlisiniz. Polis bölməsində atamdan neçə oğlunun olduğunu soruşanda “İki oğlum var” deyib. Eyni zamanda bildirib ki, övladlarından biri, yəni mən hərbiçiyəm. Bunu eşidəndə atama öldüyümü deyiblər. Həmin gün baldızımın toy günü olduğuna görə atam yoldaşıma bu barədə heç nə deməyib. Meyitlər Bakıya gətirilənə qədər məzar da qazıblarmış. Hətta yas mərasimi üçün çadır da qurulub.
– Bəs bu vaxt siz haradaydız?
– Mən xəstəxanada idim. Daxili işlər naziri Məhəmməd Əsədov bizə baş çəkməyə gəlmişdi. Mənə dedi ki, ailən sənin öldüyünü fikirləşir, sabah səni Bakıya göndərəcəyik. Sonra qardaşımla telefonla danışdım. Salamat olduğumu desəm də, inanmamışdı mənə.
– Ailəniz sizin səsinizi eşidib, komandiriniz də sağ olduğunuzu deyib. Buna niyə inanmasınlar ki?
– Bu suala cavab vermək o qədər çətindir ki, mənim üçün. Yəqin siz də təəccüblənəcəksinız. Dünyasını dəyişən İlqar Əliyevi atam öz oğlu bilib. Yəni elə bilib ki, mənəm. Onun da qızıl dişi var imiş. Ayağımızda da eyni yerdə çapıq olubmuş. Bundan başqa onun da, mənim də bir oğlum vardı. Üzü tanınmaz halda olduğu üçün bütün oxşarlıqlardan sonra ailəm öldüyümü qəbul edib. Təzəpir məscidində meyiti yuyanda atam son dəfə görmək istəyib. İçəri girəndə bilib ki, bu mən deyiləm. Atam “Bu mənim oğlum deyil” deyəndə isə ətrafdakılar kişinin başına hava gəldiyini düşünüblər. Atamın halı pisləşdiyi üçün təcili tibbi yardım çağırıblar.
– Bəs bütün bu müəmmalara necə son qoyuldu?
– İki gün sonra məni Bakıya gətirdilər. Ailəmi görüb sevindim. Bir müddət hospitalda qaldım, müalicə olundum. Oradan çıxandan sonra yenidən hərbiyə qayıtmaq istədim. Ancaq səhhətimlə əlaqədar məni döyüş bölgəsinə buraxmadılar. 1992-1993-cü illərin hərbi əməliyyatlarında iştirak etdim. 1991-ci ildə aldığım güllə yarasına görə isə 1997-ci ildə əməliyyat olundum.
– İndi sağlamlığınızla bağlı probleminiz var?
– Əlbəttə. Məni yaşadan həyat yoldaşım, bir də dava-dərmandır. Hər il Almaniyaya müalicəyə gedirəm. Mənim kimi başqa insanlar da var. İstəyim odur ki, bizə də qayğı ilə yanaşılsın. Müalicəmi özüm edərəm. Amma ailəmin yaşayışına dəstək verilsə, şad olardım.
– Xidmətinizə görə müavinət alırsınız?
– Cəmi 51 manat veteran pulu alıram. Bütün sənədləri, ekspert rəyini təqdim etsəm də, mənə təqaüd təyin olunmayıb. Əsaslardan biri də odur ki, məni yaralı vəziyyətdə gətirən vertolyotun nömrəsini deyə bilməmişəm… Buna baxmayaraq bu gün də ordu sıralarına yola düşməyə hazıram. Necə ki illər öncə heç bir qarşılıq gözləmədən müharibənin qızğın vaxtında getmişdim.
Samir Oruc