Sabiq daxili işlər naziri İsgəndər Həmidov dekabrın 5-də Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasından evə buraxılıb. O, müalicəsini evdə davam etdirəcək.
İsgəndər Həmidov xəstəxanaya ürəyində yaranan problemə görə dekabrın 4-də yerləşdirilmişdi. Sabiq nazirin dostu, jurnalist Əvəz Zeynallı Novator.az-a deyib ki, İsgəndər Həmidovun səhhəti qaydasındadır, ev şəraitində müalicə alacaq, həkim nəzarətində olacaq: “Əsas odur ki, İsgəndər bəy bütün bəlaların əsas səbəbkarlarından olan siqareti buraxdı. Biryolluq tərgitdi”.
İsgəndər Həmidov 1948-ci ildə Kəlbəcərin Bağlıpəyə kəndində doğulub. İqtisadiyyat və hüquq sahələri üzrə iki ali təhsil alıb. Uzun illər daxili işlər orqanlarında xidmət edib.
Milli azadlıq hərəkatının öncül şəxslərindən biridir. 1990-cı ildən parlamentin üzvü olub. 1992-1993-cü illərdə Azərbaycanın daxili işlər naziri postunu tutub. 1995-2003-cü illərdə həbsdə yatıb.