Novator.az Azərbaycanın “Avroviziya 2019” beynəlxalq mahnı müsabiqəsindəki təmsilçisinin nə vaxt müəyyənləşəcəyi ilə maraqlanıb. Dekabrın 5-də İctimai Televiziya və Radio Yayımları Şirkətindən bildiriblər ki, “Avroviziya 2019”un milli seçiminin vaxtı və qaydaları təqribən iki həftədən sonra müəyyənləşəcək.
Azərbaycanın “Avroviziya 2018”dəki təmsilçisi ötən il noyabrın 8-də münsiflər heyətinin qərarı ilə seçilmişdi.
“Avroviziya 2019” may ayında İsrailin baş şəhəri Tel-Əvivdə keçiriləcək. Mahnı müsabiqəsinə qatılacaq 42 ölkədən Ermənistan öz təmsilçisini müəyyənləşdirib: müğənni Srbui Sərkisyan.
1956-cı ildən keçirilən “Avroviziya” yarışı ictimai teleradioları cəmləşdirən Avropa Yayım Birliyinin layihəsidir. Azərbaycan “Avroviziya”ya 2008-ci ildən qatılır. İlk on iştirakda Azərbaycan finalda təmsil olunub. 2008-ci ildə Elnur Hüseynov və Samir Cavadzadə 8-ci, 2009-cu ildə Aysel Teymurzadə və Araş 3-cü, 2010-cu ildə Səfurə Əlizadə 5-ci, 2011-ci ildə Nigar Camal və Eldar Qasımov 1-ci, 2012-ci ildə Səbinə Babayeva 4-cü, 2013-cü ildə Fərid Məmmədov 2-ci, 2014-cü ildə Dilarə Kazımova 22-ci, 2015-ci ildə Elnur Hüseynov 12-ci, 2016-cı ildə Səmra Rəhimli 17-ci, 2017-ci ildə Diana Hacıyeva 14-cü yeri tutub.
“Avroviziya 2018”də təmsilçi Aysel Məmmədova yarımfinalda ələnib.
Əşrəf Fəxri