2017-ci il iyulun 1-dək Azərbaycanda kişilər 63, qadınlar 60 yaşda pensiyaya çıxırdı. Həmin vaxtdan bəri yaş həddi artırılır. 2021-ci il iyulun 1-dək kişilərin, 2027-ci il iyulun 1-dək qadınların pensiya yaşı 65-ə çatacaq.
Bir çoxları pensiyaya çıxmaq yaşını yüksək sayır. Xüsusilə qadınlar üçün. Bəs Azərbaycan qadını neçə yaşda pensiyaya çıxmalıdır?
Novator.az-a danışan sosioloq Zəminə Səfərova deyib ki, pensiya yaşının artırılması əhalinin sosial durumunu daha da gərginləşdirir: “Onsuz da böhran dövründəyik və pensiya yaşını artırmaq həm bu vəziyyətə, həm də əhalinin ovqatına pis təsir edir. Azərbaycanda insanlar çox uzunömürlü olsa, pensiya yaşını artırmaq başa düşülərdi. İndiki şəraitdə isə bu, cəmiyyət üçün qəbuledilməz sayıla bilər. Çünki ölkədə insanların bir çoxu işsizlik problemi yaşayır. Hətta elə ailələr var ki, 30-40 yaşlı övladlar valideynlərinin aldığı pensiyaya göz dikiblər.
Əhalinin maraqlarını, problemlərini, ictimai fikri nəzərə almadan yaş həddini artırmaq əlavə sosial gərginliyin yaranmasına səbəb olur. Əgər “Tibbi sığorta haqqında” qanuna dəyişikliklər edilərsə və pensiya yaşında olanların tibbi sığortaları olarsa, tək yaşayan pensiyaçılara kommunal xərclərdə güzəştlər edilərsə, onda bütün peşə sahələri üzrə əmək pensiyasına görə yaş həddini artırmaq olar.
Ən vacibi tibbi sığortadır. Çünki insan yaşlandıqca səhhətində problemlər çoxalır. Pulsuz tibbi xidmətlərin, dərmanların verilməsi onların sağlamlıqlarına müsbət təsir edər.
Yaş həddinə görə Avropa ölkələrindən çox fərqimiz yoxdur. Fərq odur ki, Azərbaycanda pensiya pulu azdır, qənaətbəxş deyil”.
Jurnalist Sevinc Telmanqızı hesab edir ki, bəzi ölkələrdə sosial sahəyə daha az vəsait xərcləmək məqsədilə pensiya yaşı artırılır, buna maliyyə böhranı ilə mübarizə vasitəsi kimi yanaşılır: “Pensiya yaşını artırmaqla pensiyalara ayrılan vəsaiti azaltmaq tendensiyasını bir çox ölkədə müşahidə etmək olar. Zaman-zaman Avropa ölkələrində qadın və kişilərin pensiyaya 67 yaşdan çıxması ilə bağlı təklif səslənib.
Ancaq nəzərə almaq lazımdır ki, Avropada yaşam səviyyəsi və pensiya məbləği Azərbaycandakı ilə müqayisə olunmayacaq səviyyədədir. Bundan başqa Avropada iş şərtləri, yəni qadın işçinin yorulması kimi məqamlar da yaddan çıxarılmamalıdır. 65 yaşlı azərbaycanlı qadınla onun həmyaşıdı olan avropalı qadını müqayisə etmək mümkünsüzdür. Ən azı sağlamlıq durumu, işləmə potensialına görə. O baxımdan Azərbaycan Avropa ölkələri ilə müqayisə aparanda təkcə yaş faktorunu yox, şəraiti, iş şərtlərini də nəzərə almalıdır. Azərbaycanda qadınlar üçün 57 yaş pensiya üçün ideal yaş kimi götürülməlidir”.
Sosioloq Əhməd Qəşəmoğlu adamların pensiyaya mümkün qədər erkən yaşda çıxmasının tərəfdarıdır, amma bunun mənfi tərəfləri olduğunu da vurğulayır: “Təbii, xoş olar ki, hər ölkədə pensiya yaşı daha aşağı yaşlardan başlansın. Amma bu, problemlər də yaradır. Məsələn, pensiya yaşının aşağı olması bir çox gözəl həkim, müəllim və başqa mütəxəssislərimizin məcburən işdən uzaqlaşdırılmasına səbəb olur. Dəfələrlə görmüşəm ki, yaxşı bir həkimi axtaran adam onun arxasınca həmin xəstəxana və ya poliklinikaya gedir, ona cavab verirlər həkim pensiyaya çıxıb, daha işləmir və o adamın da xəstəliyi artır, psixoloji sarsıntı keçirir. Ona görə də bu məsələlərdə bir az diqqətli olmaq lazımdır. Elə adam var ki, gözəl mütəxəssisdir və enerjisi də var işləməyə. Belə hallarda attestasiya kimi bir məsələyə ehtiyac var”.
Əhməd Qəşəmoğlu pensiya yaşının qaldırılmasını demoqrafik və iqtisadi proseslərlə bağlayır: “Get-gedə hər ölkədə yaşlı adamların sayı artır. Bu onunla bağlıdır ki, əhali artımı bütün ölkələr üzrə aşağıdır və uşaqlar az doğulur. Nəticədə ölkədə işləyən gənclərin sayı azalır. Deməli, vergi ödəyicilərinin də sayı az olur. O biri tərəfdən istehsalat sahələri, zavodlar, fabriklər, yəni əhalinin işləyib qazanc əldə edə biləcəyi, həmin qazancdan vergi verə biləcəyi yerlər azalır. Bütün bunlar dövlət büdcəsinə mənfi təsir göstərir. Ölkədə gənc əhali və iş yerləri çox olduqca dövlətin pensiya ödəmək imkanları da çoxalır. Əksinə olanda – iş yerləri azalanda, o biri tərəfdən əhalinin sayı da az olanda vergi ödəyiciləri az olur və dövlət iqtisadi amilin təsiri altında pensiya yaşını qaldırmaq məcburiyyətində qalır. Bunun qarşısını almaq artıq heç kəsin iradəsi çərçivəsində deyil, bu, ölkədəki demoqrafik və iqtisadi vəziyyətə bağlı bir məsələdir.
Ölkəmizdə işləmək yaşında olan kifayət qədər adam var. O insanları işlə təmin etmək üçün çoxlu istehsalat müəssisələri açmalı, yeni fəaliyyət sahələri yaratmalı, qeyri-neft sektorunu, kənd təsərrüfatını, xidmət sahələrini, eyni zamanda intellektual güc tələb edən sahələri xeyli inkişaf elətdirməliyik”.
Əşrəf Fəxri