Prezident İlham Əliyevin bu il aprelin 19-da imzaladığı fərmana əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə verilir. Ödəməni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir.
Oktyabrın 9-dan şəhid hərbi qulluqçuların vərəsələrinin birdəfəlik ödəmə ilə təmin olunması üçün sənəd qəbulu başlayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 dekabr məlumatına görə, ümumilikdə şəhid hərbi qulluqçulardan 9531 nəfərinin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən olunub. Həmin günədək 1223 şəhid hərbi qulluqçu üzrə 1509 vərəsəyə 11 min manat məbləğində ödəmənin verilməsi üçün qərarlar qəbul olunub.
1997-ci il avqustun 2-də “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanun qüvvəyə minib və həmin dövrdən sonra hərbi qulluqçuların həlak olması, itkin düşməsi və ya xəsarət alması zamanı sığorta ödənişlərinin verilməsi həyata keçirilib.