Bir qrup ictimai-siyasi xadimin yaratdığı Qarabağ Komitəsi bəyanat yayıb. Bəyanatda Bakı Şəhər İcra Hakimiyyətinin komitənin noyabrın 24-nə təyin etdiyi mitinqə icazə vermədiyi xatırladılır, buna etiraz ifadə olunur, eyni zamanda icra hakimiyyətinin qərarından məhkəməyə edilən şikayətə etinasız yanaşıldığı vurğulanır.
Qarabağ Komitəsi sentyabrın 29-u Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda Azərbaycan torpaqlarının işğaldan azad edilməsi tələbi ilə mitinq keçirib. Bakı Şəhər İcra Hakimiyyəti bu mitinqi sanksiyalaşdırsa da, komitənin noyabrın 24-nə təyin etdiyi analoji aksiyaya razılıq verməyib.
İcra hakimiyyətinin ayın əvvəlində 24 noyabr mitinqinin təşkilatçılarına təqdim etdiyi imtina məktubunda bildirilib ki, prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün ölkə daxilində və beynəlxalq miqyasda ciddi iş aparır, Qarabağ məsələsi ilə bağlı danışıqlar şəffaf aparılır, KİV-ə təfsilatı ilə açıqlanır və buna görə də mitinqin keçirilməsi məqsədəuyğun deyil.
Mitinqin təşkilatçıları icra hakimiyyətinin qərarından məhkəməyə şikayət ediblər.
Qarabağ Komitəsinin noyabrın 23-də yaydığı bəyanatda deyilir ki, Bakı Şəhər İcra Hakimiyyəti sərbəst toplaşmaq hüququnu kobud şəkildə pozaraq mitinqin keçirilməsinə qadağa qoyub, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi isə bundan verilən şikayətə 2 gün ərzində baxmalı olduğu halda məhkəmə baxışını dekabrın 7-nə təyin edib. Mitinqin təşkilatçıları məhkəməyə məktub göndərərək şikayətə noyabrın 24-də baxılmasını, icra hakimiyyətinin qərarının ləğv olunmasını istəyiblər, lakin müraciət səmərə verməyib.
Qarabağ Komitəsinin bəyanatında məhkəmənin məsələyə yanaşma tərzi hüquq və azadlıqların pozulması kimi qiymətləndirilir. Vurğulanır ki, komitə icra hakimiyyətinin və məhkəmənin yaratdığı hüquqi vəziyyəti, həmçinin iqtidardakı bəzi dairələrin kütləvi repressiya və təxribat planlarını, regiondakı və ölkədəki hərbi-siyasi situasiyanı müzakirə edib noyabrın 24-nə nəzərdə tutulan mitinqi təxirə salmaq qərarına gəlib.
Qarabağ Komitəsində Xalq Partiyasının sədri Pənah Hüseyn, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı, sabiq daxili işlər naziri İsgəndər Həmidov, müharibə veteranı İlham İsmayıl, jurnalist Əvəz Zeynallı və başqa şəxslər təmsil olunurlar.
1988-ci ilin fevralında Azərbaycanın Dağlıq Qarabağ vilayətinin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkat, hərbi təcavüz başlayıb. 1991-ci il sentyabrın 2-də ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib, işğalçı müharibə alovlanıb. 1994-cü ilin mayında atəşkəslə dayanan müharibədə Ermənistan Dağlıq Qarabağı və onun ətrafındakı 7 rayonu işğal edib.
Münaqişənin dinc yolla tənzimlənməsi üçün 1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupunda Azərbaycan və Ermənistanla yanaşı ABŞ, Rusiya, Fransa (həmsədrlər), Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə təmsil olunur.
Novator.az xatırladır ki, Bakı Şəhər İcra Hakimiyyəti Qarabağ Komitəsinin noyabrın 8-i ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin – Rusiya, Fransa və ABŞ-ın Azərbaycandakı səfirlikləri qarşısında keçirmək istədiyi piketlərə də razılıq verməyib. Aksiyalarda beynəlxalq vasitəçilərin passiv mövqeyinə, təcavüzkar Ermənistana təzyiq göstərilməməsinə etiraz bildirmək nəzərdə tutulurdu.