Gürcüstanda hökumət vaxtı keçmiş kreditlərə amnistiya tətbiq etməyə hazırlaşır. 700 minə yaxın vətəndaşın banklara ümumilikdə 1,5 milyard lariyə (1 lari 63 qəpikdir) yaxın borcunun 2019-cu il yanvarın 1-dən silinəcəyi bildirilir.
Azərbaycanda ödəniş vaxtı keçmiş kreditlərin məbləği bu il oktyabrın 1-nə 1 milyard 748,7 milyon manat göstərilib. Problemli kreditlərin 921,5 milyon manatı xarici valyutadadır.
2018-ci ilin 9 ayında düyünə düşmüş kreditlərin məbləği 122 milyon manat artıb. İlin əvvəlinə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 626,7 milyon manat idi.
Problemli kreditlər məsələsini amnistiya yolu ilə həll etmək olarmı? Novator.az-a bu haqda danışan iqtisadçı ekspert Rövşən Ağayev ümumilikdə bütün problemli kreditlərin bağışlanmasının yox, devalvasiya nəticəsində yaranmış yükün yüngülləşdirilməsi üçün əhaliyə dəstəyin tərəfdarı olduğunu vurğulayıb: “Məhz hökumətin inzibati qaydada milli valyutanı ucuzlaşdırması ev təsərrüfatlarının bank-kredit təşkilatlarına xarici valyutada borclarını manat ifadəsində birdən-birə iki dəfə artırmışdı. İlk devalvasiya ərəfəsində vətəndaşların bütün kredit borcları 7,2 milyard manata yaxın idi və bu məbləğin 25 faizi və ya 1,7 milyard manatı xarici valyuta ilə götürülmüşdü. Həmin vaxt manatın 30 faizə yaxın ucuzlaşdırılması qərarı əhalinin borclarını 600 milyon manatdan çox artırdı.
2015-ci ilin fevralınadək xarici valyutada kredit borclarının cəmi 4 faizi problemli idi. Yəni insanlar çətinlik hiss etmədən borlarını ödəyə bilirdilər. Bu gün isə xarici valyutada problemli kreditlər 20 faiz ətrafındadır. Ödəmə çox çətinləşib.
İkinci devalvasiya ərəfəsində əhalinin ümumi kredit borclarının 30 faizi və ya 2,1 milyard manatı xarici valyutada idi. Manatın aparıcı valyutalar qarşısında 50 faizdən çox dəyərdən salınması ilə əhalinin xarici valyutada borcları əlavə olaraq 800 milyon manatdan çox artdı.
2015-ci ildə manatın iki dəfəyədək dəyər itirməsi ev təsərrüfatlarına banklar qarşısında əlavə olaraq 1,5 milyard manatdan bir qədər çox borc yaratdı. Məhz həmin dövrdə hökumətin insanları devalvasiyanın mənfi təsirlərindən sığortalaması çox önəmli idi.
İndi artıq gecdirmi? Məncə, hökumət addım atmaqda çox gecikib. Hazırda əhalinin xarici valyuta ilə kredit borcları 700 milyon manatdır. Bankların məhkəmə və məzənnədə güzəşt tətbiqi yolları ilə təsiri, eyni zamanda əhalinin öz iradəsi nəticəsində xarici valyutada borclar son devalvasiyadan keçən müddətdə üç dəfə azalıb. İndi əsas sual budur: mövcud borcların hansı hissəsi devalvasiyadan əvvəl alınmış borclardır? Hesab edək hamısı. Bəs hökumət bu borcları özü qaytarmağa qərar verərsə, əvvəlki dövrdə devalvasiyanın yaratdığı 1,5 milyard manata yaxın borcu qaytarmış insanların taleyi necə olacaq? Axı kimsə əmlakını satıb, kimsə başqasından borc alıb banklar qarşısında öhdəliyini yerinə yetirib. Yəni qəbul edilən qərar ədalətli olacaqmı? Belə şəraitdə büdcədən borcların qaytarılması üçün pul ayrılmasının effektiv və ədalətli qərar olacağına şübhə edirəm. Amma bir tərəfdən də 50-100 min vətəndaş bundan faydalanardı”.
Ekspert əlavə edib ki, devalvasiyadan sonrakı iki ildə iqtisadiyyatda ikirəqəmli inflyasiya ev təsərrüfatlarının qazancını yeyib və onları gəlirlərini borcdan daha önəmli olan minimum yaşayış xərclərini ödəməyə vadar edib: “Hökumətin rəsmi statistikası etiraf edir ki, 2016-2017-ci illərdə rəsmi gəlirlərin artım tempi inflyasiyadan geri qalıb – yəni real gəlirlər azalıb. Belə vəziyyətdə minimum fizioloji ehtiyacların qarşılanması borca xidmətdən daha vacib olur. Devalvasiya təkcə əhalinin kredit borclarını artırmadı, özü ilə gətirdiyi yüksək inflyasiya insanların borca xidmət imkanını da tükətdi”.
2015-ci il fevralın 21-də Mərkəzi Bank dolların rəsmi kursunu 0,7862 manatdan 1,05 manata qaldırıb. Dekabrın 21-də Mərkəzi Bank ikinci devalvasiyaya qərar verib, rəsmi kurs 1,55 manat olub. Həmin ilə 1,5594 manatla nöqtə qoyulub. 2016-cı il 1,7707 manatla, 2017-ci il 1,7001 manatla başa çatıb. 2018-ci il martın 7-dən 1 dollar 1,7 manata təklif edilir.