Dekabrın 6-sı Rusiyanın Sankt-Peterburq şəhərində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammiti keçiriləcək. Üzv ölkələrin liderlərinin daxil olduğu ali orqan – Kollektiv Təhlükəsizlik Şurası yeni baş katib seçməlidir.
KTMT-də ali vəzifəli şəxs olan baş katib postunu 2017-ci il mayın 2-dən erməni general-polkovnik Yuri Xaçaturov tutub. Bu il oktyabrın 30-da o, Ermənistanın təşəbbüsü ilə vəzifədən uzaqlaşdırılıb.
Baş katib səlahiyyətləri müvəqqəti olaraq müavin Valeri Semerikova verilib.
Ermənistan baş katib postuna sabiq müdafiə naziri Vaqarşak Arutyunyanı namizəd göstərib.
Novator.az bildirir ki, Vaqarşak Arutyunyan 1956-cı ildə Gürcüstanda anadan olub. 1978-ci ildə Bakıdakı Xəzər Ali Hərbi Dəniz Məktəbini, 1991-ci ildə Hərbi Dəniz Akademiyasını (Sankt-Peterburq) və SSRİ Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını (Moskva) bitirib.
1978-1990-cı illərdə Rusiyanın Uzaq Şərq bölgəsində xidmət edib.
1991-1992-ci illərdə Ermənistan daxili işlər nazirinin müavini, Müdafiə Komitəsi sədrinin birinci müavini postlarını tutub.
1992-1994-cü illərdə MDB Birləşmiş Hərbi Qüvvələri Baş Komandanlığında qərargah rəisinin müavini, 1994-1999-cu illərdə MDB Müdafiə Nazirləri Şurasında Ermənistanın nümayəndəsi, 1999-2000-ci illərdə Ermənistanın müdafiə naziri olub.
General-leytenantdır.
KTMT-nin əsası 1992-ci il mayın 15-də Rusiya, Ermənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistanın dövlət başçılarının imzaladığı müqavilə ilə qoyulub. Hərbi təcavüzə qarşı birgə müdafiəni də nəzərdə tutan sənədə 1993-cü ildə Belarus, Azərbaycan və Gürcüstan da qoşulub, üzvlərin sayı 9-a qalxıb. Ölkə parlamentlərində təsdiq prosesi bitən gün – 20 aprel 1994-cü ildə kollektiv təhlükəsizlik müqaviləsi qüvvəyə minib.
2 aprel 1999-cu ildə Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan müqavilənin hər 5 ildən bir avtomatik uzadılmasını nəzərdə tutan protokolu imzalayıblar. Azərbaycan, Gürcüstan, Özbəkistan bu addımı atmayıblar və KTMT üzvlərinin sayı 6-ya düşüb.
7 oktyabr 2002-ci ildə KTMT-nin nizamnaməsi qəbul olunub. Nizamnaməyə əsasən, KTMT beynəlxalq regional qurumdur.
2006-2012-ci illərdə Özbəkistan yenidən KTMT-də təmsil olunub.