Emin Hüseynzadə
Bu günlərdə Bakıda bir sıra avtobus xətlərinin sahibi olan şirkət sərnişinlərdən ötrü xəbərvermə sistemi yaradıb. Sürücü dayanacaqdan kənar saxlasa, sürət həddini keçsə və hətta sükan arxasında siqaret və mobil telefondan istifadə etsə, onun haqqında sərnişinlərin göndərəcəyi məlumatı qəbul edəcək kommunikasiya kanalları işə salınıb. Sərnişinlər müxtəlif üsullarla – telefon zəngi, “Votsap”, “Feysbuk” və ya “İnstaqram” üzərindən məlumat göndərə biləcək, buna görə hətta mükafatlandırılacaqlar. Yəni sərnişin məlumat ötürmək üçün təşviq olunur. Nəticədə şirkət xidmət keyfiyyətinə nəzarəti istifadəçiyə ötürür, daha doğrusu, nəzarət funksiyasını bölüşür. Belə olsa, avtobus sürücülərinin məsuliyyətsizliyi, dayanacaqda saxlamama, sərnişinlərlə kobud davranış və s. halların kəskin azalacağı dəqiqdir.
Ancaq bu sistem yeni deyil, hətta onun bu il 135 yaşı tamam olduğunu demək olar.
İngiliscə “whistleblower” (fitə basan) adlandırılıan bu sistem haqda ilk dəfə 1883-cü ildə “Janesville Gazette” ( “Janesvil Qazette”) adlı media yazıb. Onda hansısa qanun pozuntusuyla bağlı əks-əlaqə sistemi məhz belə adlandırılmışdı. Bu qəzet indi adını dəyişdirib GazetteXtra.com kimi fəaliyyət göstərir və “fitəbasanlar” sistemi də rəqəmsallaşıb.
İndi bir sıra ölkələrdə vətəndaşların müxtəlif qanun pozuntuları haqqında açıq xəbərvermə sistemlərindən başqa qapalı sistemlər də yaradılır. Çünki telefonla, yaxud şəxsiyyət vəsiqəsi tələb edən xəbərvermə sistemləri elə də effektiv deyil. Vətəndaş ətrafında gördüyü qanun pozuntusu haqda məlumat verəndə adətən anonimliyini qorumaq istəyir. Və əgər onun məlumatını yalnız şikayətləndiyi insan və təşkilat oxuyacaqsa, şikayətin mənası dəfələrlə azalır. Mahnıda deyildiyi kimi, “səndən sənə şikayətim var” sistemi işlək olmur. Bütün dünya mediası da bunun çoxdandır ki, fərqindədir və vətəndaşlar üçün anonimlik təklif edən müxtəlif texniki imkanlar yaradırlar, nəticədə insanlar öz sözlərini, məlumatlarını və hər hansı sənədi anonim şəkildə göndərə bilirlər.
Bu sahədə media nümunələri həddən artıq çoxdur. “NewYorker” (“Nyuyorker”) adlı media qurumu ilk dəfə 2013-cü ildə belə sistemdən istifadə etməyə başlayıb. İstifadəçilərdən məlumat almaqdan ötrü daha bir üsul – ayrıca səhifə – Strongbox (Stronqboks) yaradıb, gizli qalmaq istəyən oxucularına məlumatlarının müxtəlif təhlükəsizlik alətləri vasitəsilə qoruyacağını bəyan edib.
Bəzi ölkələrdə bu sistemin yaradılması qanunvericiliyə daxil olmağa başlayıb və vətəndaş şikayətini yalnız dövlət qurumuna deyil, həm də eyni zamanda anonim olaraq müxtəlif media orqanlarına göndərə bilir. Məsələn, İspaniyada Kataloniya Dələduzluqla Mübarizə İdarəsinin saytı məhz belə məlumatları qəbul edir.
Azərbaycanın dövlət qurumları, mediası eləməsə də, bir avtobus şirkəti hərəkət edib, sərnişinləri dar cığıra salmadan, məlumatların göndərilməsi üçün müxtəlif kanallar yaradıb. Məsələn, siz avtobus sürücüsündən şikayətinizi istənilən adla açılan “İnstaqram” profilindən göndərə bilərsiniz və hər bir şikayətin araşdırılacağı vəd edilir.
Beləliklə, media şəffaflığı bəzən kənardan öyrənməlidir. Saytında yalnız telefon nömrəsi saxlayan və ya bir email ünvanı belə göstərməyən medialar özlərini effektiv kommunikasiyadan kənarlaşdırıblar. Heç olmasa, bir avtobus şirkəti qədər düşünüb, müxtəlif kanallar yaratmaq bu işin minimumudur. Media yenə də unudur ki, adamların olduğu yerə getməli və məhz onların istədiyi formada ünsiyyət yaratmalıdır. Yalnız belə olduqda, insanların istəkləri yerin yetdikdə onlar mediaya məlumat vermək qədər etibar edəcəklər.
Müəllifin başqa yazıları:
Maraqlı başlıqla istifadəçini aldatmağın 10 yolu
Jurnalistlər işlədiyi saytların auditoriyasından xəbərsizdir
“Turistləri Ümrə yerinə Rio karnavalına apardı” yalanı necə ifşa oldu?
Mediamızı idarə edən gözəgörünməzlərin adları