Prezident İlham Əliyev 2019-2030-cu illər üçün məşğulluq strategiyasını təsdiqləyib. Sənəddə BMT-nin orta ssenari proqnozuna istinadla Azərbaycan əhalisinin sayının 2030-cu ildə 10,7 milyon nəfərə çatacağı vurğulanır: “Əhalinin yaş strukturu üzrə proqnozlar əsasında müəyyən olunub ki, növbəti illərdə ölkə əhalisinin təbii artımı nisbətən azalacaq və bu, 15 yaşadək olanların xüsusi çəkisinin 2025-ci ildən sonra aşağı düşməsi ilə nəticələnəcək. Pensiya yaşına çatmış əhalinin sayının 2015-ci ildəkinə (841 min nəfər) nisbətən 2030-cu ilədək 2 dəfə artacağı proqnozlaşdırılır, bu da dövlətin sosial yükünü artıra, həmçinin yaşlı insanların sosial təminatında əlavə tədbirlərin həyata keçirilməsi zərurətini yarada bilər.
2017-ci ildə 15-64 yaş arasında əhalinin sayı 7 milyon nəfərdən artıq olub. Proqnozlar 2025-ci ilədək bu rəqəmin demək olar ki, dəyişməyəcəyini, növbəti beş ildə isə 1,3 faiz artacağını göstərir.
Əmək bazarına daxil olan 15-24 yaş arasında şəxslərin sayında azalma meylinin 2025-ci ilədək davam edəcəyi, ondan sonrakı beş ildə isə artacağı proqnozlaşdırılır. 2017-ci ildə Azərbaycanda 15-24 yaş arasında şəxslərin sayı 1,5 milyon nəfərə yaxın olub. 2025-ci ildə bunun hazırkı saydan 17 faiz az olacağı, sonrakı illərdə isə artaraq 2030-cu ildə 2015-ci ilin səviyyəsinə (1,6 milyon nəfər) çatacağı proqnozlaşdırılır”.
Sənədə görə, 2017-ci ildə ölkədə iqtisadi fəal əhalinin sayı 2005-ci illə müqayisədə 693,7 min nəfər artaraq 5 milyon 73,8 min nəfərə çatıb, onun da 4 milyon 822,1 min nəfərini iqtisadiyyatda məşğul olanlar, 251,7 min nəfərini işsiz əhali təşkil edib: “İşsizlər arasında qadınların və gənclərin payının yüksək olması əmək bazarında müşahidə edilən əsas problemlərdəndir. Son on ildə 15-24 yaşlı gənclər arasında işsizlik səviyyəsi nisbətən azalaraq 2017-ci ildə 12,9 faiz (qadınlar arasında 14,9 faiz) təşkil edib və bu, ölkə üzrə orta göstəricidən 2,6 dəfə çoxdur. 15-29 yaşlı gənclər arasında isə bu göstərici 2017-ci ildə 9,2 faiz (qadınlar arasında 11 faiz), yəni ölkə üzrə orta göstəricidən 1,8 dəfə çox olub”.
Strategiyanın məqsədi məşğulluq siyasətinin ekstensiv mərhələdən intensiv mərhələyə keçidini təmin etmək, əhalinin məşğulluq səviyyəsini artırmaq, tam məşğulluğu təmin etmək, layiqli əməyi dəstəkləmək və əmək məhsuldarlığını yüksəltməkdir. Onun bu əsas istiqamətlər üzrə həyata keçirilməsi nəzərdə tutulur:
– məşğulluq yönümlü iqtisadi inkişaf siyasətinin həyata keçirilməsi, mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi;
– əmək bazarının tənzimlənməsi sahəsində normativ hüquqi bazanın və institusional strukturun təkmilləşdirilməsi;
– işçi qüvvəsinin bacarıqlarının inkişaf etdirilməsi və əmək standartlarının təkmilləşdirilməsi;
– aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi və səmərəliliyinin artırılması, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların əmək bazarına inteqrasiyasının gücləndirilməsi;
– sosial dialoqun inkişaf etdirilməsi və qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması;
– əmək bazarının monitorinqi və proqnozlaşdırılması sisteminin inkişaf etdirilməsi.