“Kənd təsərrüfatının inkişafı ilə bağlı çox ciddi addımlar atılır”. Prezident İlham Əliyev oktyabrın 28-i Qaxda, aqroparkın açılışında belə deyib. O qeyd edib ki, aqroparkların yaradılması dövlət proqramıdır və proses geniş vüsət alıb: “Bu ilin sonuna qədər 13 aqroparkın fəaliyyətə başlaması nəzərdə tutulur. Onlardan biri də Qax aqroparkıdır. 45 aqroparkın yaradılması nəzərdə tutulur və bu aqroparklarda işləyən insanların sayı minlərlə, on minlərlə olacaq. Təkcə Qax aqroparkında 100 daimi və 100 mövsümi iş yeri yaradılır. 45 aqroparkın ümumi sahəsi 192 min hektardır və onlardan 28-i bitkiçilik, 17-si isə heyvandarlıq aqroparklarıdır. Beləliklə, bu dövlət proqramlarının icrası nəticəsində ölkə iqtisadiyyatına böyük xeyir gələcək, məşğulluq artacaq, insanlar işlə təmin olunub yaxşı əməkhaqqı alacaqlar və ölkəmiz idxaldan asılılığı aradan qaldıracaq.
Azərbaycanın, xüsusilə bu ərazinin çox gözəl təbii şəraiti, gözəl iqlimi, münbit torpağı var. Sadəcə olaraq biz bu imkanlardan böyük səmərə ilə istifadə etməliyik. Burada müasir suvarma sistemlərinin, ilk növbədə pivot, damcılama sistemlərinin quraşdırılması məhsuldarlığın artırılmasına xidmət göstərəcək. İki min hektar ərazisi olan aqroparkın böyük hissəsi müasir suvarma sistemləri altındadır və burada salınan gözəl meyvə bağları – badam bağları artıq reallıqdır. Hələ bir il bundan əvvəl buralar boş torpaq idi, heç nə bitmirdi, heç bir iş görülmürdü. İndi baxanda göz oxşayır. Qarlı dağlar və gözəl meşə zolağı, o meşə zolağı ki, bar gətirəcək və Azərbaycan vətəndaşları bundan istifadə edəcəklər.
Kənd təsərrüfatının inkişafı ilə bağlı çox ciddi addımlar atılır. Bu addımlar göstəricilərdə də özünü büruzə verir. Bu ilin doqquz ayında kənd təsərrüfatında 4,3 faiz artım var. Kənd təsərrüfatının bütün istiqamətləri üzrə planlı şəkildə iş aparılır və beləliklə, ənənəvi kənd təsərrüfatı sahələri – pambıqçılıq, üzümçülük, tütünçülük, fındıqçılıq, baramaçılıq, tərəvəzçilik və digər sahələr bərpa edilir. Biz elə etməliyik ki, Azərbaycan bütün ərzaq məhsulları ilə öz tələbatını özü ödəsin. Biz bu hədəfə yaxınlaşırıq.
Əminəm ki, kənd təsərrüfatının sürətli inkişafı, subsidiyaların verilməsi, fermerlərin texnika ilə təchiz edilməsi, yanacağın, gübrənin güzəştli şərtlərlə verilməsi, kompleks tədbirlər, üstəgəl ciddi islahatlar yaxın gələcəkdə çox gözəl nəticələrə gətirib çıxaracaq. Artıq biz nəticələri görürük. Hazırda pambıq yığımı mövsümü gedir və biz böyük məhsul gözləyirik, məhsuldarlıq da artacaq. Taxılçılıqda yaxşı nəticələr var. Biz tərəvəz istehsalı və ixracı ilə bağlı çox böyük işlər görmüşük. Dövlət hər zaman fermerlərin yanındadır. Azərbaycanda kənd təsərrüfatının inkişafına göstərilən diqqət və dəstək dünya miqyasında ən yüksək səviyyədədir və təqdirəlayiqdir”.