Hökumətin açıqlıq vədi və gerçəklik
- 30 Oktyabr 2018
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Bəkir Nərimanoğlu
Azərbaycan 2011-ci il sentyabrın 20-si BMT Baş Assambleyasında elan olunmuş Açıq Hökumət Tərəfdaşlığına (AHT) qoşulan ölkələrdən biridir. AHT hökumətin vətəndaşlar qarşısında şəffaflığın təşviqi, vətəndaşlara daha böyük səlahiyyətlərin verilməsi, korrupsiya ilə mübarizə və idarəetmənin gücləndirilməsi üçün yeni texnologiyaların tətbiqi istiqamətində öhdəliklər götürdüyü könüllü beynəlxalq təşəbbüsdür. İştirakçı ölkələrin hər birinin fəaliyyətinə iki ildən bir Müstəqil Hesabatlılıq Mexanizmi (MHM) çərçivəsində qiymət verilir.
Öhdəliklər
20 sentyabr 2011-ci ildə AHT təşəbbüsünə qoşulan Azərbaycan açıq hökumətin təşviqi və şəffaflığın artırılması ilə əlaqədar öz fəaliyyətini təkmilləşdirmək, bu sahədə aparılan təcrübə mübadiləsinə töhfə vermək və beynəlxalq səylərə qoşulmaq niyyətini bildirib. Öhdəliklərin yerinə yetirilməsi üçün fəaliyyət planları qəbul edilib. 2012-ci il sentyabrın 5-də prezident sərəncamı ilə “Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün milli fəaliyyət planı” və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün milli fəaliyyət planı” təsdiqlənib. Sərəncamın “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə milli strategiya” çərçivəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi, bu sahədə normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi, dövlət və yerli özünüidarə orqanlarının fəaliyyətinin açıq hökumət prinsiplərinə uyğunlaşdırılması, qərarların qəbulu prosesində ictimaiyyətin iştirakının genişləndirilməsi və şəffaflığın artırılması, Azərbaycanın bu sahədə beynəlxalq öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə imzalandığı vurğulanıb.
27 aprel 2016-cı ildə prezident sərəncamı ilə “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün milli fəaliyyət planı” təsdiq olunub. Sərəncamda fəaliyyət planının qəbul edilməsinin məqsədləri sadalanıb:
– açıq hökumət prinsiplərinin tətbiqinin genişləndirilməsi;
– korrupsiyanın qarşısının alınması üzrə yeni mexanizmlərin tətbiqi;
– vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin və ictimai nəzarətin gücləndirilməsi;
– sahibkarların hüquqlarının müdafiəsi;
– “Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün milli fəaliyyət planı” və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün milli fəaliyyət planı” çərçivəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi.
Plan bu istiqamətlər üzrə tədbirləri nəzərdə tutur:
– elektron xidmətlərin təkmilləşdirilməsi;
– informasiya əldə edilməsinin təmin olunması;
– normativ hüquqi aktların vahid internet elektron bazasının fəaliyyətinin təkmilləşdirilməsi;
– vətəndaş cəmiyyəti üzvlərinin fəaliyyətinin dəstəklənməsi;
– ictimai iştirakçılığın genişləndirilməsi;
– maliyyə şəffaflığının təmin edilməsi;
– bələdiyyə qulluğuna qəbul prosesində şəffaflığın təmin edilməsi;
– bələdiyyə qulluqçularının etik davranış qaydaları barədə məlumatlandırılması və peşəkarlığının artırılması;
– hasilat sənayesində şəffaflığın artırılması;
– korrupsiyanın qarşısının alınması sahəsində tədbirlər və qanunvericiliyin təkmilləşdirilməsi;
– özəl sektorda şəffaflığın və məsuliyyətin artırılması;
Fəaliyyət planında vətəndaş cəmiyyətinə önəmli yer ayrılıb. Həm vətəndaş cəmiyyətinin planın icrasında iştirakı, həm də vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı məqamlar var.
Prezidentin 27 aprel 2016-cı il sərəncamında Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyaya fəaliyyət planının icrasının dəyərləndirilməsi prosesinə vətəndaş cəmiyyəti institutlarının cəlb edilməsi üçün tədbirlər görmək və həmin planın həyata keçirilməsi sahəsində görülən işlər barədə ictimaiyyəti mütəmadi məlumatlandırmaq tövsiyə edilir.
Vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı tədbirlər də nəzərdə tutulub.
Platforma yaradılanda…
İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qalib Toğrul deyir ki, Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması yaradılanda təsis yığıncağına dəvət almayıb: “İclasdan bir neçə gün əvvəl xəbər tutub tədbirin təşkilatçısı olan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına zəng vurdum ki, necə iştirak edə bilərəm. Mənə dedilər ki, həmin toplantıda iştirak dəvət əsasındadır, sizin adınız siyahıda yoxdur”.
Qalib Toğrul əlavə edir ki, sonradan platformada iştirak üçün dəvət alıblar: “Tanış olmaq üçün qurumun fəaliyyətini tənzimləyən sənədləri istədim, göndərmədilər. Maraqlıdır ki, platforma yaradılanda əsasnaməsi yox idi”.
Monitorinq nə yerdədir?
Açıq hökumətlə bağlı sonuncu milli fəaliyyət planının monitorinqinə gəlincə, Qalib Toğrul bildirib ki, indi müstəqil QHT-lərin bu tip fəaliyyətləri reallaşdırmaq üçün imkanı yoxdur: “İnternetdə axtardım, platformanın rəhbər şəxslərindən də soruşdum, milli fəaliyyət planının bütün istiqamətlər üzrə Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın hesabatına alternativ monitorinqi hələ ki, ortada yoxdur. QHT-lərə Dəstək Şurasının xətti ilə müəyyən istiqamətlər üzrə monitorinqlər aparılıb”.
İctimai şura məsələsi
Qalib Toğrul yada salır ki, fəaliyyət planında ictimai şuraların fəaliyyətinin təşkil edilməsi, gücləndirilməsi və davamlılığının təmin edilməsi nəzərdə tutulur: “Təəssüf ki, bu vacib istiqamətlə bağlı nəzərdə tutulan öhdəliklər demək olar ki, icra olunmayıb. 80 yerli icra hakimiyyətindən yalnız 3-də ictimai şura var. Yanında ictimai şura fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti qurumlarının sayı isə 10-a belə çatmır. İctimai şuraların azlığı onların necə formalaşdırılması və fəaliyyəti ilə bağlı tələblərin nə dərəcədə gözlənilməsi məsələsini belə arxa plana atır. Biz hələ keyfiyyətdən yox, kəmiyyətdən danışmağa məcburuq”.
Ekspert əlavə edir ki, ictimai şuraların yaradılması prosesinin sürətlənməsi və bu prosesdə müvafiq normativ-hüquqi aktların tələblərinə riayət olunması üçün bəzi qanunvericilik aktlarında dəyişiklik olunmasına, yenilərinin qəbuluna ehtiyac var: “Çox geniş mövzu olduğu üçün yalnız ən vaciblərini qeyd edirəm. Dövlət qurumlarının yanında ictimai şuraların formalaşdırılması təşəbbüsü həmin qurumlardan alınaraq vətəndaş cəmiyyətinə verilməli və bu sahədə yeni mexanizmlər yaradımalıdır. Bir də ictimai şura yaradılmalı olan mərkəzi icra hakimiyyətlərinin siyahısını prezident təsdiq etməlidir ki, bu qurumların bəhanəsi əlindən alınsın”.
Ekspert qeyd edir ki, vətəndaş cəmiyyəti təmsilçilərinin formalaşması və fəaliyyət göstərməsi ilə bağlı maneələr aradan qaldırılmalı, münbit şərait təmin olunmalıdır: “Bunsuz ictimai iştirakçılığın heç bir forması normal fəaliyyət göstərə bilməz”.
Yeni plan ehtiyacı
Digər ekspert Samir Əliyev deyir ki, hazırkı fəaliyyət planının başa çatmasına 2 ay qaldığına görə yenisini hazırlamağa ehtiyac var: “Təəssuflə bildirim ki, yeni fəaliyyət planının hazırlanması ilə bağlı məlumat yoxdur. Bəlkə də hazırlanır, ancaq bununla bağlı QHT-lərlə əlaqə saxlanmır”.
Ekspert hazırkı fəaliyyət planında nəzərdə tutulan tədbirlərdən diqqəti ictimai iştirakçılığa çəkir: “İctimai iştirakçılıq qanununun qəbulundan 5 il keçir. Bu müddətdə mərkəzi və yerli icra hakimiyyəti orqanlarında ictimai şuralar yaradılmalı idi. Ancaq bu qurumlar mərkəzi icra hakimiyyəti orqanlarının 10-da, yerli icra orqanlarının isə çox az bir hissəsində yaradılıb. Bu proses çox ləng gedir və bütün idarəetmə sistemini əhatə etmir”.
Samir Əliyevin fikrincə, digər vacib məsələ ictimai şuraların seçilməsi məsələsidir: “Bu proses o qədər də şəffaf keçirilmir. Burada hansı prinsipin, hansı meyarın nəzərə alındığı bilinmir. Adətən müxtəlif ictimai şuralarda eyni QHT-lər iştirak edir. Bu şuraların seçilməsi mexanizmi o qədər də açıq deyil. Şuraların fəaliyyətinin keyfiyyəti də vacib məqamdır. Düzdür, mediada şuraların toplantıları ilə bağlı məlumatlar yayılır. Ancaq şuranın rəylərinin qərar alınmasına nə qədər təsir göstərdiyi barədə hər hansı bilgi yoxdur”.
Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın milli fəaliyyət planının icrası ilə əlaqədar 2017-ci il ərzində görülən işlər barədə məlumatında QHT qanunvericiliyinə edilən dəyişikliklər müsbət qiymətləndirilir : “Azərbaycan prezidenti 2016-cı ilin oktyabrın 21-də xarici donorların Azərbaycan Respublikasının ərazisində qrantlar verməsi prosedurunda “bir pəncərə” prinsipinin tətbiqi ilə bağlı fərman imzalayıb və Nazirlər Kabineti 2017-ci il yanvarın 11-də qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydasına dəyişikliklər edib. Dəyişikliklərə əsasən, qrant müqavilələrinin qeydə alınması üçün təqdim edilən sənədlərin siyahısı əhəmiyyətli dərəcədə azaldılıb, təqdim edilməsi tələb olunan bir sıra sənədlərin notarial qaydada təqdim edilməsi tələbi ləğv edilib, qrant müqaviləsinin mahiyyəti xidmətlərin göstərilməsi və ya işlərin görülməsi məqsədi daşıyırsa, bu halda həmin müqavilənin xidmət müqaviləsi kimi qeydiyyata alınması təmin edilib, qrant müqavilələrinin aidiyyəti dövlət orqanlarına qeydiyyat üçün təqdim edilməsi müddəti artırılıb”.
Bir çox QHT rəhbəri vətəndaş cəmiyyətinin problemlərinin aradan qaldırılması üçün 2013-cü ilə qədər mövcud olan qanunvericiliyə qayıtmağın vacibliyini bildirirlər. Həmçinin vətəndaş cəmiyyəti institutlarına qarşı real siyasətin liberallaşdırılması, vəkil olmayan şəxslərin məhkəmələrdə nümayəndə ola bilməsinin zərurəti qeyd edilir.
Yazı “Eastern Partnership Civil Society Facility” layihəsinin dəstəyi ilə hazırlanıb.