1970-ci ildən 2014-cü ilə qədər balıqlar, quşlar, məməlilər, suda-quruda yaşayanlar və sürünənlər sinfindən olan canlılar orta hesabla 60% azalıb. Novator.az bildirir ki, Dünya Vəhşi Təbiət Fondunun hesabatında belə deyilir.
Fondun açıqlamasına görə, vəhşi heyvanların sayının azalması təbii resursların normadan artıq istismarı və kənd təsərrüfatının inkişafı, habelə heyvanların yaşayış arealının daralması və deqradasiyası ilə bağlıdır.
Hesabatda qeyd olunur ki, meşələrin, okean, dəniz və çayların acınacaqlı vəziyyətə gəlməsi səbəbindən heyvanların nəsli kəsilir və yabanı yaşayış məkanları sürətlə azalır.
Dünya Vəhşi Təbiət Fondunun hesabatında su hövzələrinin, mərcan qayalıqlarının, bataqlıqların və qamışlıqların təhlükə altında olduğu vurğulanır. 50 il ərzində Amazonka hövzəsinin vəhşi təbiətinin 20%-nin məhv edildiyi qeyd olunur. Məruzədə bildirilir ki, son 30 ildə Yer kürəsi mərcan qayalıqlarının yarıdan çoxunu itirib. Bataqlıqların daha çox mənfi təsirə məruz qaldığı və onların sahəsinin 87% azaldığı qeyd olunur.
Səidə Hüseynova