Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Bakının Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobu Park” yaşayış kompleksində əmək yarmarkası keçirib. Oktyabrın 26-da yayılan rəsmi məlumata görə, aktiv məşğulluq tədbirində 65 müəssisədən 462 vakant iş yeri təqdim olunub. Onların 393-ü özəl, 69-u dövlət sektoruna aid müəssisələrdəndir.
Yarmarkada işsiz və işaxtaran şəxslərə peşə bacarıqlarına və seçimlərinə uyğun boş (vakant) iş yerlərinə göndərişlər verilib. Əmək bazarının tələblərinə uyğun yeni peşələrə yiyələnmək istəyənlər peşə hazırlığı və əlavə təhsil kurslarına, ayrı-ayrı şəxslər isə haqqı ödənilən ictimai işlərə göndərilmək üçün qeydiyyata götürülüb.
Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli 2018-ci ilin 9 ayında nazirliyin məşğulluq orqanlarının xətti ilə 2349 nəfər məcburi köçkünün işlə təmin edildiyini, 186 nəfər məcburi köçkünün peşə hazırlığına, 56 nəfər məcburi köçkünün isə ödənişli ictimai işlərə cəlb olunduğunu bildirib. O qeyd edib ki, özünüməşğulluq proqramı çərçivəsində bu il 7 minədək şəxsin müxtəlif iqtisadi fəaliyyət növləri üzrə ailə əməyinə əsaslanan təsərrüfatlarının yaradılması nəzərdə tutulub, onlardan 1255-i məcburi köçkünlərdir.