Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan oktyabrın 23-də hakim Ədalət və İnkişaf Partiyasının parlament qrupunun toplantısında jurnalist Camal Qaşıqçının qətlindən danışıb.
Camal Qaşıqçı oktyabrın 2-si vətəndaşı olduğu Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda öldürülüb.
Novator.az-ın məlumatına görə, Türkiyə prezidenti deyib ki, Camal Qaşıqçı sentyabrın 28-də nikah sənədləşməsi üçün Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğuna gedib: “Belə anlaşılır ki, Qaşıqçının bu ziyarəti onu qətlə yetirmək istəyən qrupa xəbər verilib. Bununla bir plan işə düşüb. Konsulluq rəsmilərindən bəziləri təcili Səudiyyə Ərəbistanına yola düşüb, orada hazırlıq aparıblar.
Oktyabrın 1-də Səudiyyə Ərəbistanından 3 nəfərlik bir qrup İstanbula gəlib. Oktyabrın 2-də daha 3 nəfərlik qrup İstanbula düşüb. Eyni gündə aralarında generalların da olduğu 9 nəfərlik üçüncü qrup özəl təyyarə ilə İstanbula enib. Başqa-başqa otellərdə yerləşən, ümumilikdə 15 nəfərdən ibarət qrupun üzvləri oktyabrın 2-si səhər saat 9:50-dən 11-dək ayrı-ayrılıqda gəlib baş konsulluqda toplanıblar. Baş konsulluğun kamera sistemindəki sərt disk sökülüb.
Saat 11:50-də Camal Qaşıqçını telefonla arayıb sənədləşmə işi üçün baş konsulluğa çağırıblar. Həmin gün İstanbula Londondan gəlmiş Qaşıqçı saat 13:08-də baş konsulluğun binasına girib və bir daha ondan xəbər çıxmayıb”.
Türkiyə prezidenti qeyd edib ki, Camal Qaşıqçının yoxa çıxdığını xəbər alan kimi İstanbul polisi araşdırmaya başlayıb və jurnalistin konsulluq binasından çıxmadığı dəqiqləşib. Dövlət başçısının sözlərinə görə, prokurorluğun apardığı araşdırma göstərib ki, cinayət ərəfəsində Səudiyyə Ərəbistanından İstanbula gəlmiş 15 nəfərin 6-sı oktyabrın 2-si saat 18:20-də, 7-si saat 22:50-də, 2-si isə gecə yarısı ölkələrinə qayıdıb”.
Öncə Səudiyyə Ərəbistanı rəsmilərinin jurnalistin konsulluqda itkin düşməsini dandığını xatırladan Rəcəb Teyyub Ərdoğan Türkiyənin dirənişi nəticəsində oktyabrın 18-i hüquq mühafizə orqanlarının baş konsulluqda yoxlama aparmağa nail olduğunu vurğulayıb. O əlavə edib ki, oktyabrın 19-da Səudiyyə Ərəbistanı hakimiyyəti jurnalistin konsulluq binasında öldürüldüyünü etiraf edib. Olaya görə Səudiyyə Ərəbistanında 18 nəfər tutulub. Onlardan 15-i İstanbula gəlmiş qrupun üzvləridir.
Camal Qaşıqçı 1958-ci il oktyabrın 13-ü Mədinə şəhərində doğulub. 1982-ci ildə İndiana Dövlət Universitetini (ABŞ) bitirib. Səudiyyə Ərəbistanında “Əl-Mədinə” qəzetində, ingilis dilində çıxan “Arab Nyus” qəzetində çalışıb, gündəlik “Əl-Vətən” qəzetinin baş redaktoru olub.
O, son vaxtlar Səudiyyə Ərəbistanı rejiminin və ABŞ hakimiyyətinin sərt tənqidçisi kimi tanınırdı.
2016-cı ilin dekabrında Səudiyyə Ərəbistanı hakimiyyəti ABŞ prezidenti Donald Trampı açıq tənqid etdiyinə görə Camal Qaşıqçıya jurnalistika ilə məşğul olmağı qadağan edib. 2017-ci ilin sentyabrında ABŞ-a köçən Camal Qaşıqçı “Vaşinqton Post” qəzetinin yazarı kimi Səudiyyə Ərəbistanı hakimiyyətini, xüsusilə şahzadə Məhəmməd ibn Salmanı tənqid etməklə məşhurlaşıb.
Camal Qaşıqçının necə öldürüldüyü, meyitinin harada olduğu hələ bilinmir.