XX əsrin sonlarında ABŞ-ın Kaliforniya ştatının Sakramento şəhərində aşağı gəlirli (yoxsul) məhəllələrdə yaşayan valideynlər müəllimlərlə şagird və tələbələrin zəif nəticələrini bir-birinin üstünə atmağa son qoymaq üçün etimad və hesabatlılıq strategiyası işləyib hazırlayıblar. Bu strategiyanın əsasında evlərə ziyarət durur. Ümumi məqsədlərə malik iki bərabər tərəfin məktəbdən kənarda könüllü görüşündən söhbət gedir. Model, təkmilləşmə aparılmaqla, çox uğurlu olub və Sakramentodan kənarlara yayılıb.
Hazırda ölkə miqyasında tətbiq olunan evlərə ziyarət proqramı bir çox hallarda aşağı gəlirli (yoxsul), o cümlədən mühacir ailələrin uşaqlarının təhsilinə daha yaxından cəlb olunmaları, ailələrin vəziyyəti, hər hansı problemləri ilə yerindəcə tanışlıq və mümkün olduqca həlli yollarının tapılması məqsədlərinə xidmət etsə də, ölkənin kifayət qədər orta və yüksək gəlirli ərazilərində yerləşən məktəblərdə də uğurla həyata keçirilir.
Evlərə ziyarət proqramının şərtləri məktəbdən və məktəbin yerləşdiyi ştatdan asılı olaraq dəyişə bilir.
Bəzi məktəblərdə tədris ili ərzində 2 ev ziyarəti mütləqdir. İbtidai təhsil sisteminə daxil olan məktəbəqədər təhsil müəssisəsi-bağçalarda evlərə ziyarət proqramı tədris ili başlamamış baş tutur.
Evlərə ziyarət proqramı çərçivəsində müəllimlər (adətən ən azı iki nəfər olur, inzibati heyət də iştirak edə bilər) ailələrə baş çəkərək özlərini təqdim edir, tədris ili ilə bağlı planları, uşaqların bilik və davranışlarını qiymətləndirmə metodları, habelə məktəb çərçivəsində nəzərdə tutulan tədbirlər barədə məlumatlar verir, ailənin öz uşaqları ilə bağlı ümid və gözləntilərini öyrənirlər. Tədris ilinin əvvəlində baş tutan evlərə ziyarətin əsas məqsədi valideynlərlə münasibətlərin qurulmasıdır.
Evlərə ziyarət könüllü əsasda baş verir və adətən əvvəlcədən razılaşdırılır, bir qayda olaraq 1 saata yaxın davam edir.
İşlə əlaqədar ABŞ-ın paytaxtı Vaşinqtonda yerləşib qızımız Mələyi ibtidai məktəbin 4-cü sinfinə qeydiyyatdan keçirdiyimiz zaman məktəbin texniki məsələlərlə məşğul olan və sənədləri qəbul edən əməkdaşı bizə məktəb müəllimlərinin öz siniflərindəki uşaqları və onların ailələrini daha səmimi şəraitdə tanımaq üçün evi ziyarət etdiklərini söyləyəndə bunun yeni şagirdlərlə bağlı olduğunu fikirləşdik. Tədris ili başlayanadək Mələyin sinif rəhbərinin və ümumiyyətlə müəllimlərinin kim olacağı barədə heç bir məlumatımız yox idi, sadəcə, məktəbin internet səhifəsində bütün müəllimlərinin şəkilləri və qısa tərcümeyi-halları ilə tanışlıq imkanımız oldu. Tədris ili başladıqdan az sonra sinif rəhbərindən (hər il sinif rəhbərləri dəyişir) evlərə ziyarətlə bağlı elektron məktub və bütün valideynlərə müraciət olunaraq onlara uyğun vaxt və uyğun yerdə (ev, kafe, park, kitabxana və s.) görüş təşkil olunması ilə bağlı xahiş məktubu aldıq.
Təbii ki, Azərbaycan qonaqpərvərliyinə uyğun olaraq və evlərə ziyarətin əsil formatını reallaşdırmaq üçün müəllimləri evimizə dəvət etdik. 4-cü sinfin iki əsas (texniki/riyaziyyat və humanitar/dil-ədəbiyyat) müəllimləri, habelə məktəbdə ingilis dili üzrə təlimatçının iştirakı ilə mixəkli pürrəngi çay süfrəsi ətrafında baş tutmuş görüş bizdə çox səmimi təəssürat oyatdı.
Evlərə ziyarət proqramının konkret nəticələrə nail olduğu aparılan araşdırma və tədqiqatlarla da müəyyənləşib. Məsələn, Cons Hopkins Universitetində aparılmış və 2015-ci ilin sentyabrında ictimaiyyətə açıqlanmış araşdırmaya əsasən, evlərə ziyarət şagird və tələbələrin həm məktəbdə davamlığının təmin olunmasına, həm də məktəbdə əldə etdikləri nailiyyətlərə əhəmiyyətli dərəcədə töhfə verib. Bundan əlavə tədqiqatlar proqramın müəllimlərin də öz işlərindən razılıq və bu sənətin səmərəliliyinə inamının artmasına təsir göstərdiyini aşkar edib.
Son illərdə xüsusən böyük şəhərlərdə evlərə ziyarət mütləq qaydada müəllimlərin müəyyən şagirdin evinə ziyarətlə müşayiət olunmur, evlərə ziyarət adı ilə müəllimlərin valideynlərlə məktəbə yaxın ərazidə – kafelərdə, parklarda, ən əsası məktəbdənkənar, qeyri-formal formatda görüşü baş tutur.
Evlərə ziyarət proqramı valideynlərin tədris proqramına cəlb olunmasının artmasını, müəllim-valideyn münasibətlərinin inkişafı və akademik nailiyyətlərin artmasına töhfə vermiş olur. ABŞ Təhsil Departamenti evlərə ziyarəti ailələrin uşaqların təhsil və tədrisə cəlb olunması üçün yüksək təsirli strategiya kimi qiymətləndirir.
Aysel Yaqubova, Vaşinqton