Ermənistan parlamenti buraxılandan sonra da fəaliyyətini davam etdirəcək. Novator.az-ın məlumatına görə, bu, konstitusiyasının tələbidir. Ana qanunun 90-cı maddəsinin 5-ci hissəsinə əsasən, növbədənkənar seçki motivi ilə buraxılan parlamentin səlahiyyət müddəti yeni parlamentin ilk iclası günü başa çatır. Həmin vaxta qədər köhnə parlament səlahiyyətlərinin icrasını tam şəkildə icra edə bilər.
Ölkənin baş naziri Nikol Paşinyan və onun hökuməti oktyabrın 16-dan istefadadır. Prezident Armen Sərkisyan hökuməti müvəqqəti olaraq əvvəlki heyətə tapşırıb.
İstefa növbədənkənar parlament seçkisi planının tərkib hissəsidir. Ölkə konstitusiyasına əsasən, baş nazir istefa verdikdən sonra parlament iki həftə ərzində hökumətin yeni başçısını seçməlidir. Əks halda qanunverici orqan buraxılır. Plana əsasən, yeni baş nazir seçilməyəcək, parlament buraxılacaq və dekabr ayına növbədənkənar seçki təyin olunur.
2008-ci ildən prezident postunu tutan Ermənistan Respublika Partiyasının sədri Serj Sərkisyan bu il aprelin 17-də baş nazir kürsüsünə oturub, ancaq xalq etirazlarına görə aprelin 23-də istefa verib. Xalq etirazlarına başçılıq edən Vətəndaş Sazişi Partiyasının sədri Nikol Paşinyan mayın 8-də baş nazir postuna keçib.
Nikol Paşinyan 1975-ci il iyunun 1-də İcevan şəhərində doğulub. 1993-cü ildən jurnalist fəaliyyəti ilə məşğul olub. 2009-2011-ci illərdə həbsdə yatıb. 2012 və 2017-ci illərdə parlamentin deputatı seçilib.
Ermənistan Konstitusiyasına görə, proporsional üsulla seçilən parlamentin deputatlarının sayı azı 101 nəfər olmalıdır.
İndiki parlament 2017-ci ilin yazında seçilib. Vətəndaş Sazişi Partiyasının və müttəfiqlərinin yaratdığı “Çıxış” bloku parlamentdə 9 mandata sahibdir. Ermənistan Respublika Partiyasının parlament fraksiyası 51 nəfərdən, böyük əksəriyyəti Çiçəklənən Ermənistan Partiyasının üzvləri olan Sarukyan bloku 31 nəfərdən, Daşnaksütun Partiyasının fraksiyası 7 nəfərdən ibarətdir. 7 deputat heç bir fraksiyaya qatılmır.
Hakimiyyətini möhkəmləndirmək üçün Nikol Paşinyan parlamentin yenidən formalaşdırılmasına ehtiyac duyur.