Dövlət Statistika Komitəsi makroiqtisadi göstəriciləri açıqlayıb. Novator.az-ın məlumatına görə, hesabatda bildirilir ki, 2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda 57 milyard 761,9 milyon manatlıq və ya əvvəlki ilin 9 ayı ilə müqayisədə 0,8 faiz çox ümumi daxili məhsul istehsal edilib. İqtisadiyyatın qeyri-neft sektorunda əlavə dəyər 1 faiz, neft sektorunda 0,5 faiz artıb. Əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul 5889,2 manata bərabər olub.
Rəsmi statistikaya əsasən, 9 ayda kənd təsərrüfatının ümumi məhsulu 2017-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 4,3 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 5,8 faiz, heyvandarlıq məhsullarının istehsalı 2,7 faiz çoxalıb.
Nəqliyyat sektoruna gəlincə, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə həm yük, həm də sərnişin daşımaları üzrə 1,3 faiz artım olduğu bildirilir.
İnformasiya və rabitə xidmətlərinin həcmi dəyər ifadəsində 7,7 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 81,6 faizi qeyri-dövlət sektorunun payına düşüb.
Əhalinin gəlirləri nominal ifadədə 9,5 faiz artaraq 39 milyard 690,3 milyon manata çatıb.
Maliyyə Nazirliyinin məlumatına əsasən, yanvar-sentyabr aylarında dövlət büdcəsinə 16 milyard 89,7 milyon manat vəsait daxil olub, büdcədən 15 milyard 666 milyon manat vəsait xərclənib.
Mərkəzi Bankın hesabatına görə, 2018-ci il sentyabr ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 12 milyard 306,5 milyon manat olub. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 14,4 faizini təşkil edib.
Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2018-ci il sentyabr ayının 1-nə 8 milyard 20,8 milyon manat göstərilib.
9 ayda qiymətlər nə qədər artıb?